Tahir Gözəl: "UEFA matçın neytral meydanda keçirilməsinə yönəlib"

Tahir Gözəl: "UEFA matçın neytral meydanda keçirilməsinə yönəlib" Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ"ın Bakıda Norveç təmsilçisi "Molde"ni qəbul etməli olsa da qarşı tərəf COVİD-19 pandemiyasını bəhanə gətirərək Azərbaycana gəlməkdən boyu qaçırır.
Futbol
9 Sentyabr , 2020 16:57
Tahir Gözəl: UEFA matçın neytral meydanda keçirilməsinə yönəlib
Tahir Gözəl

"Hazırda yaranmış vəziyyət, həqiqətən, çox üzücüdür. Norveç tərəfinin bəlli ədalətsizliyi bizi, həqiqətən, məyus edir. Bu məsələdə "Qarabağ" tərəfi sonuna qədər haqlı olsa da, UEFA Norveç tərəfinin haqsız inadkarlığı nəticəsində oyunun neytral meydanda keçirilməsinə yönəlib". 

"Report"un məlumatına görə, bu fikirləri "Qarabağ"ın prezidenti Tahir Gözəl Çempionlar Liqasının III təsnifat mərhələsində Norveç "Molde"si ilə oyunun harada keçiriləcəyi barədə danışarkən deyib.

Funksioner hər zaman ədalətli oyunun tərəfdarı olduqlarını bildirib: "Püşk bizi Norveçdə oynamağa göndərsəydi, bunu məmnuniyyətlə edərdik. Amma görünən odur ki, qarşı tərəf fərqli bəhanələrlə Azərbaycana gəlməkdən qaçaraq neytral meydanda oynamaq istəyir. Biz nə texniki məğlubiyyət, nə də texniki qələbə istəyirik. AFFA rəhbərliyi ilə müzakirələrimiz nəticəsində qarşılaşmanın 3-cü ölkədə keçirilməsi haqqında qərar verilsə, razı olacağıq. Buna səbəb bizim futbolu bir idman kimi, bu oyunun masa arxasında deyil, yaşıl meydanda olan bir oyun kimi görməyimizdir. Mən komandama inanır və qalibiyyətin yaşıl meydanda qazanılmasını arzulayıram. Qərar nə olursa-olsun, komandamın yanındayam və sona qədər dəstəyimi əsirgəməyəcəyəm".

Qeyd edək ki, püşkə əsasən, oyun 15-16 sentyabrda Bakıda keçirilməlidir. Lakin "Molde" klubu Bakıdan dönüşdə Norveçdə 10 günlük karantinə alınacağını bildirərək qarşılaşmanın neytral meydanda oynanılmasını xahiş edib. "Qarabağ" isə bu istəklə razılaşmayıb. Öz növbəsində, Norveç hökuməti "Molde"nin karantinə alınmaması üçün müraciətini mənfi cavablandırıb. Bu səbəbdən, qarşılaşmanın tarixi və yeri hələ müəyyənləşməyib. 

Son xəbərlər

Orphus sistemi