"Baqanın sözlərində həqiqət var. Ümumiyyətlə, onun maaşı mətbuatda yazılan rəqəmlərin heç yarısı da deyildi".
Bunu "Report"a müsahibəsində "Sumqayıt"ın prezidenti Riad Rəfiyev keçmiş baş məşqçiləri Aleksey Baqanın klubdan təzminat istəmədiyi barədə fikirlərinə münasibət bildirərkən deyib.
Funksioner bildirib ki, belaruslu mütəxəssislə sırf "gənclik şəhəri" təmsilçisinin büdcəsinə uyğun müqavilə imzalanmışdı: "Hansısa fantastik rəqəmlərdən söhbət getmir. Bir plana, layihəyə görə gəlmişdi. Aramızda heç vaxt pul söhbəti olmadı".
Rəfiyevin sözlərinə görə, həmin dövrdə 41 yaşlı baş məşqçiyə başqa təkliflər olsa da, o, "Sumqayıt"da işləmək istəyib: "Çox adam onun təklifimizi qəbul edəcəyinə inanmırdı. Amma Azərbaycanda işləmək Baqa üçün bir növ yeni çağırış idi. Öz işini görməyə, nəticə verməyə gəlmişdi. Layihələrimizlə, planlarımızla tanış oldu. Yeni stadion, bazamız, Sumqayıt şəhəri, komandanın siyasəti… Bir sözlə, hər şeyi danışdıq, hamısını yerində gördü, müqavilə imzalamamışdan əvvəl gəlib baxmışdı. Ondan sonra isə razılaşdıq".
Klub prezidenti Baqanın işinin uğursuz alınmasına da toxunub: "Bilirsiniz, o qədər səbəb var ki. Mən onlardan birini, ikisini seçib deyə bilmərəm ki, sırf buna görə alınmadı. Sadəcə futbolda bəzən belə şeylər olur. Bu, təkcə “Sumqayıt”da yox, dünyanın hər yerində ola biləcək hadisədir. Alınmayanda alınmır. Bizim son danışığımızda özü də dedi ki, məndə alınmır, normal şəkildə razılaşdıq və ayrıldıq. Amma mən əminəm ki, Baqa çox yaxşı mütəxəssisdir. Mütləq yeni iş yerində özünü ən yaxşı tərəfdən göstərə biləcək".
Riad Rəfiyevin müsahibəsinin tam versiyasını buradan oxuya bilərsiniz