"Sumqayıt"ın müdafiəçisi: "Bizim futbolçuları vururlar, biz də vururuq"

"Sumqayıt"ın müdafiəçisi: "Bizim futbolçuları vururlar, biz də vururuq" "Sərt oynamaq futbolun qanunudur. Meydanda komanda üçün nə bacarırıqsa, onu da edirik. Kiminsə xoşuna gələ bilər, kiminsə yox"
Futbol
118
22 Aprel , 2021 13:35
Sumqayıtın müdafiəçisi: Bizim futbolçuları vururlar, biz də vururuq

"Çətin olacağını bilirdik. "Qarabağ" turun favoritidir, hansı gücə malik olduqlarını bilirik. Amma komanda şəklində mübarizə apararaq, istədiyimiz nəticəni qazana bildik".

Bu fikirləri "Report"a açıqlamasında "Sumqyıt"ın futbolçusu Elvin Bədəlov evdə "Qarabağ"la qolsuz heç-heçə etdikləri Azərbaycan Kubokunun ilk yarımfinal oyunu barədə danışarkən deyib.

26 yaşlı müdafiəçi cavab qarşılaşmasında daha yaxşı çıxış etmək istədiklərini bildirib: "Çalışacağıq ki, finala vəsiqə qazanaq. Səfərdə vuracağımız bir top iki qola bərabər olacaq. Amma cavab görüşü daha çətin keçəcək. Hələlik Premyer Liqanın XXIV turunda "Zirə" ilə keçirəcəyimiz oyuna köklənməliyik. Ondan sonra cavab matçına hazırlaşacağıq. "Qarabağ" öz meydanında oynayacaq. Əlimizdən gələnin maksimumunu etməyə çalışacağıq".

Bədəlov Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanovun görüşdən sonra mətbuat konfransında "Sumqayıt"ın müdafiəçilərinin sərt oynaması və Abdullah Zubirin zərbələrə məruz qalması fikrinə də toxunub: "Özümə də maraqlı gəldi ki, niyə oyundan sonra belə səs-küy qalxdı. Dərhal qarşılaşmadan sonra epizodlara baxdım. Elə də dəhşət sərtlik görmədim. Çünki oyun epizodları idi. Futbolda belə hallar normaldır, bizə də qarşı olub. "Qarabağ"ın bizə qarşı bundan əvvəlki oyununda Əli Qurbaniya qarşı sərt oyun var idi. Bizə də qarşı olur, elə olanda baxmamalıyıq. Bizi vuranda biz də vurmalıyıq. Sərt oynamaq futbolun qanunudur. Meydanda komanda üçün nə bacarırıqsa, onu da edirik. Kiminsə xoşuna gələ bilər, kiminsə yox".

Arxa xətt oyunçusu hansısa futbolçunu zədələmək fikrində olmadıqlarını da əlavə edib: "Bütün oyunlarda, hətta "Neftçi"yə qarşı da belə oynamışıq. Futbolda hər şey ola bilər, amma qəsdən kimisə "sındırmaq" və ya zədələmək fikrində deyilik. Heç vaxt da olmayıb".

Müdafiəçi Zubirin istedadlı oyunçu olduğunu, lakin təkcə onu zərərsizləşdirməyə çalışmadıqlarını vurğulayıb: "Birinci hissədə Zubir yox idi, Elvin Cəfərquliyev oynayırdı. Ona qarşı da sərt oyun oldu. Futbolun qanuni nədirsə, onu da edirik. Bizə də vururlar, biz də vururuq. Heç kim fikirləşməsin ki, sırf Zubirə qarşı bu cür oynayırıq. Yaxşı futbolçu olduğunu bilirik, amma onu zədələmək və ya "sındırmaq" fikrimiz olmayıb".

Bədəlov cavab qarşılaşmasında da yaxşı nəticəyə ümid etdiyini söyləyib: "Rəqib "Qarabağ" olsa da, bizim də şanslarımız var. Çempionatın ən yaxşı iki komandasından birinə qarşı çıxış edəcəyik. Hər şeyi nəzərə alırıq. Biz də çalışcağıq ki, final üçün lazım olan nəticəni qazanaq".

Qeyd edək ki, komandalar arasındakı cavab oyunu aprelin 29-da gerçəkləşəcək.

Son xəbərlər

Orphus sistemi