"Sumqayıt"ın baş məşqçisi: "Şkendiya" məğlubedilməz deyil"

"Sumqayıt"ın baş məşqçisi: "Şkendiya" məğlubedilməz deyil" "Avropa Liqasında 4 potensial rəqibimiz bəlli olduqda hər biri haqqında məlumat əldə etməyə çalışdıq. Şimali Makedoniya"Şkendiya"sı düşəndən sonra isə dərhal məşqçilər korpusu komandanı analiz etməyə başladı".
Futbol
16 Avqust , 2020 11:21
Sumqayıtın baş məşqçisi: Şkendiya məğlubedilməz deyil

"Avropa Liqasında 4 potensial rəqibimiz bəlli olduqda hər biri haqqında məlumat əldə etməyə çalışdıq. Şimali Makedoniya "Şkendiya"sı düşəndən sonra isə dərhal məşqçilər korpusu komandanı analiz etməyə başladı".

Bu fikirləri "Report"a açıqlamasında Azərbaycanı UEFA Avropa Liqasında təmsil edəcək "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov deyib. 

39 yaşlı mütəxəssis bildirib ki, I təsnifat mərhələsindəki rəqib təcrübəli kollektivdir. Abbasov "Şkendiya"nın Çempionlar Liqasında da mübarizə apardığını xatırladıb: "Rəqibimiz ardıcıl iki mövsüm çempion olub, Avropa Liqasında pley-off oynayıb. Mövsümlərarası dövrdə isə heyətində bəzi dəyişikliklər olub, onları araşdırırıq. Şimali Makedoniya yığmasının 2-3, U-21 millisinin isə bəzi üzvləri bu klubda oynayır. Çox maraqlı, fiziki gücə üstünlük verən komandadır. Daxili çempionatdakı oyunlarını izlədikdə, görürük ki, öz fəsiləsini yeridən klubdur". 

Gənc baş məşqçi rəqibin məğlubedilməz olmadığını söyləyib: "Bu gün futbol o səviyyədədir ki, hər rəqib meydanda mübarizə aparsa, futbolçular tapşırıqları yerinə yetirsə, düzgün analizdən sonra oyunumuzu qura bilsək, hər bir rəqibə qarşı oynamaq və qalib gəlmək olar. Hələ vaxtımız var. İlk olaraq, Azərbaycan çempionatındakı matçımıza baxacağıq. İnanıram ki, ondan sonra tam formaya düşə biləcəyik. Həm də futbolçuların zədələnməməsini istəyirik, çünki heyətimiz elə də geniş deyil. Hansısa futbolçunu itirmək bizə baha başa gələ bilər. Doğma meydanda oynamaq və əzmkarlıq komandamıza kömək edə bilər". 

Ayxan Abbasov
Ayxan Abbasov

Abbasov Avropa Liqası matçına görə çempionat oyununda əsas futbolçulara istirahət vermək fikrində olmadığını vurğulayıb: "Çempionat matçından 5 gün sonra avrokubok oyununa çıxacağıq. Bu da qısa vaxt deyil. Digər tərəfdən, bu gün Premyer Liqanın elə bir nöqtəsi deyil ki, biz futbolçulara istirahət verək. Əslində onlara oyun lazımdır. İstərdik ki, Avropa Liqasından öncə ən azı iki tur oynanılsın. Çünki martdan bəri rəsmi qarşılaşmaya çıxmayıblar. Bu da mənfi haldır. Amma Şimali Makedoniya çempionatında bizə qədər üç tur oynanılacaq. Futbolçular bu dəqiqə elə dövrdədirlər ki, nə qədər oynasalar, o qədər tez formaya düşəcəklər. Ona görə çox da dəyişiklik etməyəcəyik, çempionatda "Keşlə" ilə matçdakı heyəti cüzi dəyişikliklərlə Avropa Liqasına hazırlayacağıq". 

Mütəxəssis komandanın Qəbələ toplanışının Türkiyədəkindən fərqləndiyini də diqqətə çatdırıb: "Əvvəllər bəlli vaxt olurdu. Bakıda hazırlıq keçir, sonra isə Türkiyədə yoldaşlıq görüşlərinə gedir, digər ölkələrin kollektivləri ilə oynayırdıq. Düzdür, Qəbələdə hər cür şərait var idi, orada yerli komandalarla oyunlarımızı keçirdik. Bizi narahat edən heyətdə boşluqların olmasıdır. Amma əlimizdəki futbolçularla hazırlıqlı olmağa çalışırıq".

Qeyd edək ki, avqustun 27-də "Kapital Bank Arena"da keçiriləcək "Sumqayıt" - "Şkendiya" matçı saat 20:00-da başlanacaq. 

Son xəbərlər

Orphus sistemi