Bakı. 14 sentyabr. REPORT.AZ/ “Qarabağ”ın Azərbaycan Premyer Liqasının IV turunda “Sumqayıt”la ev oyununu Ağdam komandasının Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Portuqaliya “Sportinq”inin məşqçisi Vitor Hüqo Pezeyru da izləyəcək.
“Report”un əldə etdiyi məlumata görə, Bakıya səfər edən 34 yaşlı mütəxəssis bu gün “Azərsun Arena”da saat 20:00-da start götürəcək matça tribunadan baxacaq. Ağdam klubu barədə məlumat toplamaq üçün Azərbaycana gələn Vitor Hüqo “Sportinq”in baş məşqçisi Joze Pezeyrunun oğludur. O, 2014-cü ildən etibarən atasının işlədiyi klublarda köməkçi-məşqçi kimi çalışır.
Qeyd edək ki, sentyabrın 20-də I tur çərçivəsində keçiriləcək “Sportinq” – “Qarabağ” görüşü Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.