"Komandamız əla formadadır. Bu səbəbdən Lüksemburq və Azərbaycanla oyunlarda büdrəyəcəyimizi düşünmürəm".
"Report"un məlumatına görə, bu fikirləri Serbiya millisinin sabiq futboçusu Antonio Rukavina 2022-ci il dünya çempionatının seçmə mərhələsində Lüksemburq və Azərbaycana qarşı keçirəcəkləri oyunlar barədə "Zurnal" nəşrinə müsahibəsində deyib.
Hazırda Qazaxıstanın "Astana" klubunda çıxış edən 37 yaşlı müdafiəçi İrlandiya ilə 1:1 hesablı heç-heçə etdiklərini matçı xatırladıb: "Bu, sürpriz nəticə idi. Daha güclü olduğumuz rəqiblərə qalib gəlməli, önəmli görüşlərdə isə uduzmamalıyıq. Lüksemburq və Azərbaycanı məğlub etmək sonuncu turda Portuqaliya ilə qarşılaşmaya yaxşı əhval-ruhiyyədə yollanmaq üçün çox vacibdir”.
Qeyd edək ki, oktyabrın 9-da Lüksemburqun qonağı olacaq Serbiya millisi 3 gün sonra Azərbaycanı qəbul edəcək.