"Hesab oyuna görə olmadı".
"Report"un məlumatına görə, bunu "Səbail"in baş məşqçisi Şahin Diniyev "Bakcell Arena"da "Neftçi"yə 0:3 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XXIII tur oyunundan sonra mətbuat konfransında deyib.
O bildirib ki, erkən penaltilər komandanı ruhdan salmayıb: "Hesabın önəmi yox idi. Uduzsaq da, ağıllı futbol oynadıq. "Nefçti" kimi komandaya qarşı hücum futbolu sərgilədik. Sadəcə keyfiyyət və kreativlik çatmadı. "Neftçi" keyfiyyət hesabına bir qol vurdu. Penaltidən isə iki dəfə fərqləndilər. Mənim üçün əsas olan oyundur. Belə oynamağa davam etsək, xallar qazanacağıq. “Neftçi”ni təbrik edirəm. Ustalıq hesabına oyunun taleyini həll etdilər. Komandam bu gün həqiqətən futbol oynadı”.
Mütəxəssis futbolçularına inandığını söyləyib: "Onların keçmiş oyunları ilə indiki arasında fərq var. Oyundan-oyuna daha yaxşı olacaqlar. Bu cür futbolçularla böyük işlər görməliyik. Oyunçularıma inanıram. Ən əsası, qol vəziyyətlərini yarada bilirik. Qalıb onlardan istifadə etmək. Hər bir futbolçuma güvənirəm. Potensialları daha çoxdur".
Baş məşqçi Qustavo de Fransanın əvəzlənməsinə də aydınlıq gətirib: "Bu həftə iki məşq buraxmışdı. Zədəsi var idi. Çalışdıq ki, ayaqüstə qalsın. Amma ilk hissəni oynadı. Yükləndikcə zədəsi öz sözünü deyirdi. Zədəyə görə əvəzlədik. Elmir Tağıyevi sarı vərəqəyə görə meydandan çıxardıq".
Diniyev məğlubiyyətə baxmayaraq, futbolçularına cəza verməyəcəyini vurğulayıb: "Kimisə cəzalandırsaq, əvəzedici heyətə göndərsək, ab-hava pozulacaq. Transferlərimiz keyfiyyətlidirlər. Komandaya elə-belə gəlməyiblər. İlkin, Toni və Matiyanın səviyyəsi göz önündədir. Onlar bizə kömək edəcəklər".
Mütəxəssis hakimlərin idarəçiliyindən razı qalıb: "Penalti epizodlarına baxmamışam. Şikayət etmirəm, hakimlikdən razıyam. Ola bilər ki, oyun ərzində emosionallıq göstərim. Amma sakit başla fikirləşəndə, düşünürəm ki, qayda pozuntusu olduğu üçün 11 metrlik cərimə zərbəsi təyin etdilər. Dünyanın hər yerində böyük komandalara simpatiya olur. Hər halda, VAR-a baxdıqdan sonra penalti verdilər".