Şahin Diniyev: Futbolçularımız Türkiyədəki toplanışda çox üstün performans sərgilədilər

Şahin Diniyev: Futbolçularımız Türkiyədəki toplanışda çox üstün performans sərgilədilər Yeni komanda formalaşdırmağa çalışırıq.
Futbol
18 iyul 2024 12:54
Şahin Diniyev: Futbolçularımız Türkiyədəki toplanışda çox üstün performans sərgilədilər

Futbolçularımız Türkiyədəki toplanışda çox üstün performans sərgilədilər.

Bunu “Report”a açıqlamasında “Səbail”in baş məşqçisi Şahin Diniyev deyib.

Təcrübəli mütəxəssis komandasının Türkiyə toplanışını dəyərləndirib:

“14 gün ərzində Türkiyədə keçirdiyimiz təlim-məşq toplanışında hər kəs öz işinə məsuliyyətlə yanaşdı. Futbolçularımız çox üstün performans sərgilədilər. Qardaş ölkədə əsasən fiziki məşqlərə üstünlük verdik. Taktiki və texniki baxımdan məşqlərin əksər hissəsini Bakıda davam etdirəcəyik”.

58 yaşlı çalışdırıcı yeni komanda formalaşdırdıqlarını söyləyib:

“Yeni komanda formalaşdırmağa çalışırıq. Çünki heyətin əksər hissəsi yeni futbolçulardan təşkil olunub. Bu baxımdan futbolçular bir-birini tanımalı və öyrəşməlidirlər. Yeni gələn legionerlər də pis təsir bağışlamırlar. Hazırda orta xəttə oyunçu axtarışımız davam edir”.

O, Türkiyədə keçirdikləri yoxlama oyunları barədə danışıb:

“Futbolçularda yorğunluq olmasına baxmayaraq, hər üç yoxlama görüşünü yüksək səviyyədə keçirdilər. “Ərzurumspor”la keçirdiyimiz sonuncu matçda yağış yağırdı. Belə olan halda oyunçulardan çox iş tələb edə bilmərik. Həmin qarşılaşmada futbolçularımız xarakter nümayiş etdirdilər. 0:2 hesabı ilə geridə olduğumuz görüşdə geridönüş edə bildik”.

Ş.Diniyev yoxlama oyunundan əvvəl “Ərzurumspor”un baş məşqçisi Hakan Kutlu ilə bir-birilərinə forma hədiyyə etdiklərini bildirib:

“Qarşılaşmadan əvvəl mənə bildirdilər ki, rəqib komandanın baş məşqçisi Hakan Kutlu şəkil çəkdirmək və sizə forma bağışlamaq istəyir. Biz də buna müsbət yanaşdıq və öz formamızı onlara hədiyyə etdik. “Ərzurumspor”un futbolçu və məşqçi heyəti ilə münasibətlərimiz çox yaxşıdır”.

Qeyd edək ki, Türkiyə toplanışı çərçivəsində 3 yerli komanda ilə yoxlama matçı keçirən “Səbail” “Ərzurumspor” və “Hatayspor”a 2:3 hesabı ilə uduzub. “Dənizçilər” “Ərzurumspor”la ikinci dueldən isə heç-heçə ilə ayrılıb – 2:2.

Son xəbərlər

Orphus sistemi