"Yuventus" komandasının hücumçusu Kriştianu Ronaldu qol sayına görə əfsanəvi braziliyalı futbolçu Peleni ötüb.
"Report" xəbər verir ki, portuqal hücumçu "Udineze" ilə matçda 757 və 758-ci qolunu vurub.
Kriştianu Lissabonun “Sportinq”, “Mançester Yunayted”, “Real Madird” və “Yuventus”, həmçinin Portuqaliya yığmasının heyətlərində 1 032 matç keçirib.
Pele 812 rəsmi matçda 757 qol vurub. Qolların sayına görə rekord göstərici çex hücumçu Yozef Biçana məxsusdur. O, 1931-ci ildən 1955-ci ilə qədər 759 qol vurub.
Ronaldu həm də A Seriyasının bombardirləri siyahısının şəriksiz lideri olub. O, "Udineze" ilə matçda (4:1) iki qol vuraraq İtaliya çempionatının bombardirləri yarışına başçılıq etməyə başlayıb.
Portuqaliyalının hesabında 11 matçda 14 qol var. Bombardirlərin siyahısında ikinci yeri "İnter"in hücumçusu Romelu Lukaku tutur, o, cari mövsümdə 12 qol vurub.