Portuqaliya yığmasının hücumçusu Kriştianu Ronaldu bildirib ki, o, İsveç milli komandası ilə UEFA Millətlər Liqasının qrup mərhələsinin 2-ci turunun bu gün keçiriləcək matçında iştirak etməyə hazırdır.
"Report" xəbər verir ki, bu barədə futbolçu özü sosial şəbəkədə bildirib.
"Sabahkı (bugün - red) günə hazır!” - deyə Ronaldu yazaraq, özünün “Twitter”dəki hesabında məşqdən çəkilən fotoları paylaşıb.
Xatırladaq ki, futbolçu bir neçə gün idi ki, məşq etmirdi. O, arı sancması ilə yaranmış infeksiyadan müalicə olunurdu. Portuqaliya milli komandası Ronaldunun iştirak etmədiyi UEFA Millətlər Liqasının 1-ci turunun matçında Xorvatiya seçməsini 4:1 hesabı ilə darmadğın edib.
Kriştianu millinin heyətində meydana 164 dəfə çıxıb və 99 qol vurub. 2019/2020 mövsümündə 35 yaşlı Ronaldu İtaliya çempionatında 33 matç keçirərək, 31 qol (12 qol penaltidən - red) vurub və 5 məhsuldar ötürmə edib.