Riad Rəfiyev: “Azərbaycanəsilli futbolçuya milliləşdirilmiş deməyin tərəfdarı deyiləm”

Riad Rəfiyev: “Azərbaycanəsilli futbolçuya milliləşdirilmiş deməyin tərəfdarı deyiləm” “Sumqayıt” futbol klubunun prezidenti Riad Rəfiyevin “Report”a müsahibəsi
Futbol
12 Oktyabr , 2022 16:39
Riad Rəfiyev: “Azərbaycanəsilli futbolçuya milliləşdirilmiş deməyin tərəfdarı deyiləm”
Riad Rəfiyev

“Sumqayıt” futbol klubunun prezidenti Riad Rəfiyevin “Report”a müsahibəsi

- “Sumqayıt”la yaxşı nəticələr qazanmış, amma sonradan uğursuzluq zolağına düşən Ayxan Abbasovla yolları ayırdınız. O vaxtdan bəri heç nə dəyişməyib, hətta demək olar ki, vəziyyət daha da pisləşib. Abbasov isə öz növbəsində, “Turan Tovuz”da məhdud imkanlar çərçivəsində yaxşı işlər görür. Azərbaycanın ən perspektivli mütəxəssislərindən birini istefaya göndərdiyiniz üçün peşmansınızmı?
- “Sumqayıt” kimi klubları - söhbət klubun adından yox, siyasətindən, büdcəsindən, strategiyasından gedir – hər zaman yüksək səviyyədə saxlamaq, həmişə yaxşı nəticə vermək çox çətindir. Çünki digər klubların əksəriyyətinə büdcədə uduzursan. Əsasən yerlilərlə oynayırsan, onlar da özlərinə yaxşı tərəfdən göstərəndən, milli komanda oyunçuları olandan sonra onları komandada saxlamaq mümkün olmur. Daha yaxşı təklif, daha sərfəli variant olanda ayrılmağa məcbur oluruq. Ona görə də eyni səviyyədə qalmaq çox çətindir. Futbolda belə şeylər mümkündür və biz də bunu nəzərə almışdıq, bilirdik ki, bu, nə vaxtsa olacaq. Qara zolaq qaçılmaz idi. Qara zolağa düşəndə isə dəyişiklik lazımdır. Bu məqamda sən bir addım arxaya atmalısan ki, iki addım qabağa gedə biləsən.

- Olmazdı ki hazırkı şəraiti – legionerlər, sərbəst transfer, yaxşı maliyyə imkanları və s. daha əvvəldən yaradardınız?
- Təəssüf ki, bu mümkün deyildi. Hamı bilir ki, 2022-ci ilin əvvəlinə kimi, çempionatdakı ən zəif büdcəsi olan klublardan biri də biz idik. Buna baxmayaraq, yaxşı nəticələrimiz, uğurlarımız var idi. Göstərdiyimiz nəticələrə görə müəyyən qədər qazanc əldə etdik. Bura istər yerli sponsorlardan, istər UEFA-dan, milli komandalara göndərdiyimiz oyunçulardan, avrokuboklarda iştiraka görə və s. gələn gəlirlər də daxildir. Bunun nəticəsində də maliyyə məsələsində müəyyən inkişafa nail olduq. Əsas sponsorumuzdan gələn vəsait bu gün turnir cədvəlinin ilk 4-5 pilləsində qərarlaşmış komandalara baxanda heç də böyük deyil. Buna baxmayaraq, bizdə heç vaxt maliyyə problemi, oyunçuların maaş gecikmələri olmayıb. Bu ildən etibarən isə bildiyiniz kimi, bütün klublara dövlətdən yardım vəsaiti daxil olur – 3 milyon manat. Bu, inkişaf üçün çox böyük köməkdir. İndi elə vəziyyət yaranıb ki, heç bir klub deyə bilməz ki, bizim imkanımız yoxdur, maddi çətinlik çəkirik. Bir-iki klub istisna, hamısının demək olar ki, maddi vəziyyəti eynidir. Bu proqramı qəbul edən, bu köməyi klublara ayıran şəxslərin hər birinə öz adımdan təşəkkür edirəm.

- Belə çıxır ki, 3 milyon manat yardım gələndən sonra kluba legioner cəlb etməyə qərar verdiniz?
- Deməzdim ki, sırf bundan sonra strategiyamızı dəyişdik. Bayaq da qeyd etdim, bu siyasətlə getmək çox çətindir. Özünüz də bilirsiniz ki, necə futbolçular “Sumqayıt”a gəlir, gedir. Bu gün milli komandanın üzvləri kimi ölkəmizdə əsas tələbat olan oyunçulardır. Onlar indi digər klublarda çıxış edirlər, səbəbi isə budur ki, biz eyni maaşı verə bilmirdik. Maksimum çalışırdıq ki, onlarla uzunmüddətli müqavilə imzalayaq, komandada saxlayaq, amma həmişə mümkün olmur. Rəhim Sadıxovu 3 il, Aleksey İsayev, Əli Qurbani və Höccət Haqverdini 2 il heyətdə saxladıq, amma çətindir.

- Abbasovla vidalaşdıqdan sonra baş məşqçi postu Aleksey Baqaya tapşırıldı. Belaruslu mütəxəssis MDB məkanında özünü sübut etmiş məşqçidir. Üstəlik “Sumqayıt”da ona normal şərait də yaradıldı. Komandaya legionerlər cəlb olundu. Bunların qarşılığında Baqa niyə uğur qazana bilmədi?
- Baqaya həmin dövrdə başqa təkliflər olsa da, bizimlə işləmək istədi. Çox adam onun təklifimizi qəbul edəcəyinə inanmırdı. Amma Azərbaycanda işləmək Baqa üçün bir növ yeni çağırış idi. Öz işini görməyə, nəticə verməyə gəlmişdi. Layihələrimizlə, planlarımızla tanış oldu. Yeni stadion, bazamız, Sumqayıt şəhəri, komandanın siyasəti… hər şeyi danışdıq, hamısını yerində gördü, müqavilə imzalamamışdan əvvəl gəlib baxmışdı. Ondan sonra isə razılaşdıq. Bəs niyə alınmadı? Bilirsiniz, o qədər səbəb var ki. Mən onlardan birini, ikisini seçib deyə bilmərəm ki, sırf buna görə alınmadı. Sadəcə futbolda bəzən belə şeylər olur. Bu, təkcə “Sumqayıt”da yox, dünyanın hər yerində ola biləcək hadisədir. Alınmayanda alınmır. Bizim son danışığımızda özü də dedi ki, məndə alınmır, normal şəkildə razılaşdıq və ayrıldıq. Amma mən əminəm ki, Aleksey Baqa çox yaxşı mütəxəssisdir. Mütləq yeni iş yerində özünü ən yaxşı tərəfdən göstərə biləcək.

- Aleksey Baqa “Report”a müsahibəsində deyib ki, “Sumqayıt”dan təzminat istəmədim, çünki buraya pul dalınca gəlməmişdim. Həqiqətənmi arada pul söhbəti olmadı? Yoxsa əcnəbi mütəxəssis özünü yaxşı göstərmək üçün belə deyib?
- Onun sözlərində həqiqət var. Ümumiyyətlə, Baqanın maaşı mətbuatda yazılan rəqəmlərin heç yarısı da deyildi. Sırf “Sumqayıt”ın büdcəsinə uyğun müqavilə imzalamışdıq. Hansısa fantastik rəqəmlərdən söhbət getmir. Qeyd etdiyim kimi, bir plana, layihəyə görə gəlmişdi. Aramızda heç vaxt pul söhbəti olmadı.

- Yayda heyətə qatılan əcnəbi futbolçuların səviyyəsi çox müzakirə olunur. Siz özünüz əvvəllər menecerliklə məşğul olmusunuz. Yaxşı əlaqələriniz var. Açığı, hamı sizin aldığınız futbolçuların daha yaxşı olacağını ehtimal edirdi...
- Birinci onu deyim ki, bizim heyətə cəlb etdiyimiz legionerlər yüksək məbləğlər qazanmırlar. Klub daxilində maliyyə balansımız var və bunu pozmamağa çalışırıq. Hətta bundan əvvəlki illərdə limitlə bağlı sırf yerli futbolçu oynatmaq məcburiyyətimiz olduğuna görə futbolçulara qat-qat çox məbləğlər ödəyirdik. İkincisi isə legionerlərimizin səviyyəsi haqqında fikir bildirmək üçün tezdir hələ. Bu komandanın potensialı daha yaxşı nəticə göstərməyə imkan verir. Mən əminliklə deyə bilərəm ki, bu, sadəcə vaxt məsələsidir. Yaxın zamanlarda komanda öz nəticələrini düzəldəcək. Bizim heyətimizdə Şimali Makedoniya, Kabo-Verde millilərinin əsas heyət üzvləri, Serbiyanın U-21 millisində çıxış etmiş futbolçular var. Bunlar elə-belə, təsadüfi oyunçular deyil.

- Ad, “CV” olaraq yaxşı görünə bilərlər, amma fakt budur ki, meydanda buna uyğun çıxış görmürük…
- Bu gün təkcə legionerləri günahlandırsaq, düz olmaz. Meydanda yerli futbolçular da çıxış edirlər. Amma yenə deyirəm, bu komandanın potensialı daha böyükdür. Ən yaxın zamanlarda, ikinci dövrədə siz artıq bunu görəcəksiniz. Bir şeyi də mütləq nəzərə almaq lazımdır ki, komanda yenidir. Əksər futbolçular, xüsusilə də legionerlər komandaya yeni qoşulublar.

- Axı bu komanda yayda təlim-məşq toplanışında olub. Normal hazırlıq keçib…
- Olub, bəli. Amma gəlin, razılaşaq ki, 3 yoldaşlıq görüşü ilə hər şeyi yoluna qoymaq olmur. Bəzən sən yoldaşlıq görüşlərinin hamısında qalib gəlib çempionatda uğursuz ola bilərsən, bəzən də əksinə. Bütün futbolçular yenidirlər, uyğunlaşma üçün müəyyən zamana ehtiyac var.

- Amma fakt var, turnir cədvəli ortadadır, komanda qol vura bilmir, çətinlik çəkir…
- Bəli, bunu da qəbul edirik. Bu, faktdır. Mən uğursuz çıxışımıza bəraət axtarmıram. Amma çox işləməliyik. İş çoxdur. Əminəm, heç bir şübhəm yoxdur ki, düzəldəcəyik.

- Samir Abasov o vaxt “Sumqayıt”dan narazı getmişdi. Aranızda hansısa məsələdə anlaşmazlıq olmuşdu. Necə oldu ki, yenidən komandanı bu mütəxəssisə etibar etdiniz?
- Samir Abasovla bizim elə ciddi bir narazılığımız olmamışdı. Sadəcə həmin vaxt onun klubla müqaviləsi bitmişdi və yolları ayırdıq. Bizdən əvvəlki rəhbərliklə hansı problemləri olmuşdu, niyə şərait yaradılmamışdı, deyə bilmərəm. Amma mən bu gündən danışa bilərəm. Aleksey Baqa ilə yolları ayırandan sonra Samir Abasovla görüşdük, danışdıq. Xeyli uzun söhbətimiz oldu. Detallı şəkildə hər şeyi müzakirə etdik və gördüm ki, o, komandanı bu vəziyyətdən çıxara biləcək ən yaxşı namizəddir. Həm məşqçi kimi yaxşı mütəxəssisdir, həm də sumqayıtlıdır, daha əvvəl burada işləyib, bu komandanın futbolçusu olub, klubu yaxşı tanıyır. Üstəlik, onun öz fikirləri də bizi tam qane etdi. Razılaşdıq.

- Komanda Samir Abasovun başçılığı altında keçirdiyi 2 oyunda 1 heç-heçə edib, 1 dəfə isə uduzub. Təbii ki, 2 oyun onun işinə qiymət vermək üçün tezdir. Ən azından deyə bilərsinizmi, Abasovun gəlişindən sonra komandanın oyununda hansısa müsbət məqamlar nəzərə çarpırmı?
- Bir var 90 dəqiqə rəsmi oyun. Kənardan baxanlar ancaq onu görürlər. Amma biz həm də komandanın içində baş verən dəyişiklikləri görürük. Bir çox müsbət nüanslar var. Bunların fərqi hiss olunur. Futbolçuların yanaşmalarında da müəyyən dəyişikliklər var. Mən Baqanın əməyini kiçiltmək istəmirəm, amma bu gün fərqliliklər var. Təkcə oyunda deyil, futbolçularda, məşq prosesində, yanaşmada dəyişikliklər var. Amma bu, əvvəlkindən daha yaxşıdırmı, yoxsa pisdirmi, bunu zaman göstərəcək. Ona görə mən demirəm ki, Baqanın zamanında pis idi, xeyr, sadəcə indi hər şey daha çox fərqlidir. Düşünürəm ki, bu, oyunlarda özünü göstərəcək.

- Mövsümün əvvəlində hədəfiniz nə idi, bəs indi nədir?
- Bunu Samir Abasovla görüşdə də danışdıq. Çıxıb desək ki, mütləq ilk dördlükdə yer almalıyıq, avrokuboklara vəsiqə qazanmalıyıq, bu, obyektivlikdən uzaq olar. Gəlin, real yanaşaq. Bu gün çempionatda daha çox pul xərcləyən, daha bahalı legionerlərə sahib klublar var. Amma əlbəttə ki, yuxarı pillələrdə yer almaq istəyirik. Kim ki deyir ki, biz bunu istəmirik, yalan deyir. Cəmi 10 komanda var və onun dördü avrokuboklara gedirsə, niyə də istəməyək? İndiki durumda isə əsas istəyimiz Samir Abasovun öz cizgisi, dəst-xətti, xarakteri olan komanda formalaşdırmasıdır. Əminik ki, o, bunu bacaracaq.

Bundan əlavə, bizim əsas hədəfimiz, istəyimiz, məqsədimiz akademiyamızın futbolçularının davamlı şəkildə oynamasıdır. Bu gün baxsaq, görərik ki, Süleyman Əhmədov, Səbuhi Abdullazadə, Rüfət Abdullazadə daimi şəkildə forma şansı qazanırlar. Bu, bizim üçün Avroliqaya vəsiqə qazanmaqdan daha önəmlidir. Çünki akademiya işləməlidir, fəaliyyəti özünü göstərməlidir.

Daha bir hədəfimiz isə klubda infrastrukturu yaxışlaşdırmaq, yeni meydançaların tikintisi, artıq razılaşdırılan ideyalar, planlar var, onların həyata keçməsidir. Əlbəttə ki, bu ideyaların reallaşması üçün dövlətdən gələn vəsaitin də böyük köməyi olacaq. Kluba avtobus alacağıq. Yəni sırf neçənci yeri tutum, hansısa turnirə vəsiqə qazanım – bununla bitmir.

- Klubun yaxın keçmişindən, indiki zamanından danışdıq. Gəlin, bir az da gələcəkdən danışaq. Akademiya ilə bağlı hansı yeniliklər var?
- Çalışırıq ki, akademiyamızda təchizat baxımından hər şey qaydasında olsun. Ləvazimat, forma, top, meydançalar və s. nüanslara diqqət yetiririk. Bununla bağlı müəyyən yeni layihələrimiz, artıq razılığı alınmış planlarımız var.

Bundan əlavə, çalışırıq ki, aşağı yaş qrupu komandalarımız daha çox beynəlxalq turnirlərdə iştirak eləsinlər. Sentyabr ayında bizim U-13 komandamız Gürcüstanda beynəlxalq turnirdə iştirak etdi. Məncə, uğurlu oldu bu yarış. Komandamız 1/4 finalda “Kayrat”lı həmyaşıdlarına məğlub oldular, qazaxlar isə finalda “Yuventus”a uduzdular. Yaxşı, maraqlı turnir idi, güclü komandalar çıxış edirdilər. Pandemiya ilə bağlı quru yolları bağlı olsa da, çalışırıq ki, aşağı yaş qrupu komandalarımız il ərzində minimum 6-7 turnirdə iştirak etsinlər. Bu kimi yarışlar yeniyetmələrin dünyagörüşü, beynəlxalq təcrübə qazanması baxımından olduqca önəmlidir. Belə yarışlarda nəticədən daha çox iştirak əsasdır, amma bu, o demək deyil ki, bütün oyunlarda məğlub olub sonuncu olmalıyıq. U liqalarında turnir cədvəllərinə baxsaq, komandalarımız üst pillələrdədirlər və bütün komandalarımız sumqayıtlı uşaqlardan təşkil olunub.

- Bu yaxınlarda Klublar Komitəsinin prezidenti vəzifəsindən ayrıldınız. Bu, nə ilə əlaqədardır?
- Klublar Komitəsi seçkili orqandır. Sədr müəyyən müddətə Komitəyə rəhbərlik edir, daha sonra isə yeni seçimlə başqa şəxs seçilir. Pandemiya ilə əlaqədar olaraq bir müddət görüşlərimiz olmadı. Ona görə də həmin ərəfədə dəyişiklik edə bilmədik. Son iclasda isə seçim oldu və Fariz Nəcəfov yeni sədr seçildi. Ona işlərində uğurlar arzulayıram.

- Ümumiyyətlə, Klublar Komitəsi son 1 ildə demək olar ki fəaliyyət göstərmir. Kənardan Komitənin fəaliyyəti formal görsənir. Bu halda belə bir qurumu saxlamağın nə xeyri var?
- Komitədə xeyli sayda məsələləri müzakirə edirik və AFFA İcraiyyə Komitəsinə təqdim edirik. Deyə bilmərəm ki, bizim bütün iradlarımız, təkliflərimiz nəzərə alınır, tətbiq olunur, amma düşünürəm ki, bir komitə və struktur olaraq çox önəmlidir. Daha tez-tez görüşmək, iclaslar keçirmək lazımdır. Bununla bağlı PFL rəhbərliyi və AFFA-nın baş katibi ilə görüşlərdə də vurğulandı ki, Komitənin işini intensivləşdirək və çalışacağıq ki, maksimum dərəcədə bizim təkliflərimiz İK-da qəbul olunsun.

- AFFA milli komandanın baş məşqçisi Canni De Byazi ilə müqaviləni uzatdı. Buna neytral şəxs kimi münasibət bildirməyinizi istərdim…
- Vallah neytral şəxsəm. Mənim bu məsələdə heç bir marağım yoxdur.

- Sizcə, Millətlər Liqasında 2-ci yeri tutan komandanın baş məşqçisini postunda saxlamaq lazım idi? Nəzərə alsaq ki, o vaxt Qurban Qurbanov məhz bu turnirdə qrupda ikinci yeri tutduğu üçün istefaya göndərilmişdi...
- Qurban Qurbanov Azərbaycanın ən böyük məşqçisidir. “Qarabağ”la möhtəşəm işlər görür, əla nəticələr qazanır, bunu heç kim dana bilməz. Niyə eyni nəticəyə görə bir məşqçi ilə yolların ayrılıb, digəri ilə davam edilməsi məsələsinə gəlincə isə mən bu barədə heç nə deyə bilmərəm. Çünki tərəflər arasında hansı razılaşmaların olduğunu, hədəflərin necə müəyyənləşdirildiyini bilmirik. Bəlkə də De Byaziyə deyiblər ki, elə ikinci yeri tutsan da, bəsdir?! Mən isə belə düşünürəm ki, AFFA-nın De Byazi ilə müqavilə müddətini uzatmağında əsas səbəb milli komandanın son üç oyunda qələbə qazanmasıdır.

Riad Rəfiyev
Riad Rəfiyev

- Canni De Byazinin milli komandamıza baş məşqçi təyin olunmasında sizin rolunuz olduğu deyilir…
- Bu məsələ ümumiyyətlə, şərh olunası deyil. Tamamilə əsassız və səhv iddialardır.

- Millətlər Liqasının Qazaxıstanla ilk oyunundan əvvəl De Byazinin sizin bağınızda məclisdə iştirak etdiyi ilə bağlı iddialar səsləndi…
- Bəli, elə bir məclis olub, amma mənim bağımda deyil. Mən özüm də ora dəvət almışdım. Bir dostumuzun bağında AFFA-nın bir neçə əməkdaşı və De Byazinin də iştirak etdiyi məclisdə mən də var idim. Çempionlar Liqasının final matçını izləmək üçün dəvət etmişdilər. Mənim bağım deyildi, De Byazi ilə də heç bir əlaqəm yoxdur. Amma məsələn soruşsanız ki, Robert Prosineçkinin yığmaya dəvət olunmasında əlaqəm varmı? Bəli, var. Çünki o dövrdə mən AFFA-nın əməkdaşı idim və Prosineçki ilə danışıqları aparmaq mənə tapşırılmışdı.

- AVRO-2024-ün seçmə mərhələsi üçün püşkü necə dəyərləndirirsiniz? Milli komandanın şansı varmı qrupdan çıxamaq üçün?
- Maraqlı qrupdur. De Byazi artıq kifayət qədər müddətdir ki Azərbaycanda çalışır. Oyunçuları tanıyır. Çalışıb, işləyib maksimum nəticə qazanmaq lazımdır. Bu gün desək ki, hansısa yeri tuta bilərik və ya tutmalıyıq, bu yanaşma düz olmaz.

- Milliləşdirilmiş oyunçularla bağlı mətbuatda ən çox sizin adınız hallanır…
- Mən azərbaycanəsilli futbolçuya milliləşdirilmiş deməyin tərəfdarı deyiləm. O adam azərbaycanlıdır, Rusiyada doğulub boya-başa çatıbsa, biz niyə onu özümüzdən kənarlaşdırmalıyıq? Məsələn, Sadıxov Rəhim Fuad oğlu. Və yaxud İrandan azərbaycanəsilli futbolçular olub. Biz onları dəvət etmişik “Sumqayıt”a, yaxşı çıxış ediblər, heç kimi də məcbur etməmişik ki, bu futbolçuları milliyə çağırsınlar. Onlar öz çıxışı ilə yığmaya dəvət alıblar. Çünki bizim strategiyamızın bir qolu da bu idi ki, komandamızda azərbaycanəsilli futbolçular da oynaya bilər. Höccət Haqverdini götürək, valideynləri Təbriz doğumludur, Peyman Babayi azərbaycanlıdır və dilimizdə bizdən pis danışmır. Siyahını uzatmaq da olar.

Amma sırf milliyə dəvət etdiyimiz oyunçular da var. Mən milli komandada çalışarkən Emin Mahmudov, Ramil Şeydayev kimi futbolçuları yığmaya cəlb etdik. Emin Bakıda doğulub səhv etmirəmsə, Ramil isə Rusiyada. İkisi də orda böyüyüblər və Rusiya futbol məktəbinin yetirmələdirlər, amma azərbaycanlıdırlar. Biz niyə onlara milliləşdirilmiş deyirik? Dünyada çoxdur belə praktika. Məsələn, Türkiyə millisinin əsasını “qurbetci” futbolçular təşkil edirlər.

- Bəzi futbolçuların milli komandada oynamaq üçün yüksək miqdarda pul tələb etdikləri ilə bağlı iddialar var…
- Emin və Ramilin milliyə cəlb olunması prosesini mən aparmışam. Onlara millidə oynamaqları üçün heç bir məbləğ ödənilməyib. Həmçinin Eddi İsrafilova da. Baxın, başqalarını demirəm, sırf bu üç oyunçudan danışıram. Çıxan bütün xəbərlər əsassızdır.

- Atanız, mərhum Razim Rəfiyev vaxtilə “Neftçi”nin prezidenti olub, öz biznesinin pulunu kluba sərf edib. Komandanın dağılmaması, ayaqda qalması üçün əziyyət çəkib. Sizin də nə vaxtsa bu kluba rəhbərlik etmək kimi bir arzunuz olubmu?
- Belə bir şey düşünməmişəm. Atam nə vaxtsa bu klubun rəhbəri olubsa, o demək deyil ki, mən də mütləq orda işləməliyəm. “Sumqayıt”da məni hər şey qane edir. Həyata keçirdiyimiz layihələr olub, uğurlar qazanmışıq, yeni planlarımız, gözəl komandamız, bazamız, yeni stadionumuz var. Biz böyük şəhərin tək komandasıyıq. Başqa heç bir şey haqqında düşünmürəm.

Son xəbərlər

Orphus sistemi