Ta Qali. 9 sentyabr. REPORT.AZ/ “Vacib oyuna gəldiyimizi bilirik. Bu görüş həm rəqib, həm də bizim üçün önəmlidir. Bu komandanın Farer adaları ilə matçlarına baxdıq. Səfərdə 1:3 hesabı ilə məğlub olmamalıydılar. Yaxşı oyun nümayiş etdirdilər. Malta ilə görüşə qədər vaxtımız az olsa da, rəqibi yaxşı analiz etmişik. Futbolçularımız qarşılaşmaya hazırdır”.
“Report”un Maltaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Qurban Qurbanov UEFA Millətlər Liqasının II turunda Malta ilə səfər oyunundan əvvəl təşkil edilən mətbuat konfransında deyib.
Mütəxəssis jurnalistlərin suallarını da cavablandırıb:
Kosovo ilə Malta arasında nə kimi fərq var? Rəqibin hansı üstün cəhətlərini qeyd edərdiniz?
- Fərqli komandalardır. Malta başqa üslubda oynayır. Mən heç vaxt rəqibin hansısa oyunçusunun adını çəkməmişəm. Son vaxtlar stabil çıxış edirlər. Sürətli hücumçuları var. Kosovo və Maltanı müqayisə etməzdim. Hər bir kollektiv bu turnirdə məğlub olmaq istəmir.
Müsbət nəticə deyərkən, qələbəni nəzərdə tutursunuz?
- Əlbəttə, bura qələbə qazanmaq üçün gəlmişik. Lakin futbolda bəzən istəmədiyin şeylər də olur. Məqsədimiz komandanı oyuna yaxşı hazırlaşdırmaq və sərfəli nəticə qazanmaqdır. Yaxşı futbol sərgiləmək istəyirik.
Azərbaycan millisi 3 il öncə Malta ilə 2:2 hesabı ilə heç-heçə etmişdi. Həmin qarşılaşmanı izləmisiniz?
- Xeyr, ehtiyac yox idi. Bizə son matçlar lazım idi. Həmin görüşə baxmağı lazım bilmədim.
Heyətdə dəyişiklik olacaq?
- Elə də böyük dəyişiklik olmayacaq. Amma dəyişiklik gözlənilir.