"Ümid edirəm ki, "Legiya" böyük təzyiq ilə oynayacaq. Bu isə "Qarabağ"ın xoşuna gəlməyəcək".
"Report"un məlumatına görə, bu fikirləri "Qarabağ"ın sabiq futbolçusu Yakub Jezniçak UEFA Avropa Liqasının pley-off mərhələsində Polşa "Legiya"sı ilə Azərbaycan çempionu arasında keçiriləcək matç barədə danışarkən deyib.
Hazırda Plotsk "Visla"sında çıxış edən 33 yaşlı müdafiəçi bildirib ki, Ağdam klubu daxili çempionatda rahat oynayır: "Çünki rəqabət yoxdur. Onlar asanlıqla hücuma keçirlər və bunu çox yaxşı bacarırlar. İnanıram ki, "Legiya" buna imkan verməyəcək, ilk dəqiqələrdən öz oyununu göstərəcək və rəqibin cinahlardan hücumunun qarşısını alacaq. Tərəflərin durumunu nəzərə alaraq, cütün taleyinin penaltilər seriyasında həll oluna biləcəyini düşünürəm".
Jezniçak "Qarabağ"ın formasını 2017 - 2019-cu illərdə geyinib.
Qeyd edək ki, oktyabrın 1-də keçiriləcək "Legiya" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.