"Qarabağ"ın qrup mərhələsindəki rəqibləri avrokubokların finalında oynayır

"Qarabağ"ın qrup mərhələsindəki rəqibləri avrokubokların finalında oynayır Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edəcək "Qarabağ" komandasının avrokubokların qrup mərhələsindəki rəqibləri son 6 mövsümdən 4-də turnirlərin finallarına vəsiqə qazanıb.
Futbol
17 Avqust , 2020 10:26
Qarabağın qrup mərhələsindəki rəqibləri avrokubokların finalında oynayır

Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edəcək "Qarabağ" komandasının avrokubokların qrup mərhələsindəki rəqibləri son 6 mövsümdən 4-də turnirlərin finallarına vəsiqə qazanıb.

"Report"un məlumatına görə, ardıcıl üç mövsüm Ağdam təmsilçisi ilə eyni qrupda yer almış klublar buna nail olublar.

Son olaraq cari mövsüm "köhlən atlar"ın Avropa Liqasının A qrupundakı rəqibi İspaniya "Sevilya"sı həlledici görüşdə iştirak hüququna yiyələnib. Xulen Lopeteginin baş məşqçi olduğu kollektiv yarımfinalda İngiltərə "Mançester Yunayted"ini mübarizədən kənarlaşdırıb - 2:1. Azərbaycan çempionu qrupdakı hər iki matçda rəqibinə məğlub olmuşdu - 0:2, 0:3.

2018/2019 mövsümündə də "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi İngiltərə "Arsenal"ı finalda oynayıb. London klubu Bakı Olimpiya Stadionundakı qarşılaşmada şəhərin digər təmsilçisi "Çelsi"yə 1:4 hesabı ilə uduzub. Qurban Qurbanovun baş məşqçi olduğu komanda Bakıda rəqibinə 0:3, Londonda isə 0:1 hesabı ilə yenillmişdu.

2017/2018 mövsümündə isə "Qarabağ" UEFA Çempionlar Liqasının qrup mərhələsində oynayıb. İngiltərənin "Çelsi", İtaliyanın "Roma" və İspaniyanın "Atletiko" klubları ilə birgə mübarizə aparmış ölkə çempionu qrup mərhələsini iki xalla sonuncu pillədə başa vurub. Bakıda "Atletiko" ilə qolsuz heç-heçə edən Ağdam təmsilçisi Madriddə 1:1-lik bərabərliyə nail olub. Bu nəticələrdən sonra İspaniya klubu mübarizəyə Avropa Liqasında davam edib və finala yüksəlib. Baş məşqçi Dieqo Simeonenin komandası finalda Fransa "Marsel"ini 3:0 hesabı ilə üstələyib.

5 il əvvəl - 2014/2015 mövsümündə də "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi Ukrayna "Dnepr"i turnirin finalına yüksəlib. Səfərdə rəqibini 1:0 hesabı ilə məğlub etmiş Ağdam komandası Bakıda eyni uğuru təkrarlaya bilməyib və meydanı məğlub tərk edib - 1:2. "Dnepr" isə finalda "Sevilya" ilə bacarmayıb - 2:3.

Xatırladaq ki, "Qarabağ" Çempionlar Liqasının I təsnifat mərhələsində Şimali Makedoniya "Sileks"i ilə üz-üzə gələcək. Oyun avqustun 18-də Bakıda olacaq və saat 20:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi