"Qarabağ" komandası UEFA Çempionlar Liqasının II təsnifat mərhələsindəki rəqibini “Azersun Arena”da qəbul edə bilər.
"Report"un məlumatına görə, bu barədə Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov I təsnifat mərhələsində Şimali Makedoniya "Sileks"ini 4:0 hesabı ilə məğlub etdikləri matçdan sonra mətbuat konfransında bildirib.
48 yaşlı mütəxəssis deyib ki, Tofiq Bəhramov adına Respublika stadionunun ot örtüyünün durumunu nəzərə alaraq, "Sileks"lə qarşılaşmadan öncə də UEFA-ya müvafiq xahişlə müraciət etsələr də, istəkləri qəbul olunmayıb: "İcazə versələr, növbəti görüşü “Azersun Arena”da keçirə bilərik. Bəlkə 10-15 gündən sonra Respublika stadionunun ot örtüyü düzələcək. Amma yenə də biz müraciətimizi etmişik".
Qeyd edək ki, "Qarabağ" II təsnifat mərhələsində "Şerif" (Moldova) - "Fola Eş" (Lüksemburq) cütünün qalibi ilə qarşılaşacaq. Bu raundun görüşləri 25-26 avqustda keçiriləcək. "Sileks" isə mübarizəyə UEFA Avropa Liqasının II təsnifat mərhələsində davam edəcək. "Qarabağ"ın əsas komandası indiyədək "Azersun Arena"da beynəlxalq oyun keçirməyib.