"Qarabağ" Avroliqada ilk oyununu Respublika stadionunda keçirə bilməyəcək

"Qarabağ" Avroliqada ilk oyununu Respublika stadionunda keçirə bilməyəcək Q.Qurbanov səbəb kimi arenanın ot örtüyünün yararsız vəziyyətdə olmasını göstərib
Futbol
29 Avqust , 2016 23:34
Qarabağ Avroliqada ilk oyununu Respublika stadionunda keçirə bilməyəcək

Bakı. 29 avqust. REPORT.AZ/ "Qarabağ" komandası futbol üzrə Avropa Liqasının qrup mərhələsində ilk ev oyununu Tofiq Bəhramov adına Respublika stadionunda keçirə bilməyəcək.

"Report"un məlumatına görə, bu barədə Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov jurnalistlərə açıqlamasında bildirib.

Q.Qurbanov səbəb kimi arenanın ot örtüyünün yararsız vəziyyətdə olmasını göstərib. Baş məşqçi məsələni üzvü olduğu AFFA İcraiyyə Komitəsinin iclasında qaldırmadıqlarını söyləyib:

"Çünki bu, klubumuza aid məsələdir. Respublika stadionu ötən ilədək sırf Gənclər və İdman Nazirliyinə tabe idi. Artıq arenanı 5 il müddətinə icarəyə götürmüşük. Hazırda İngiltərədən yeni mütəxəssislər gəlib. Ardıcıl 3 ildir belə halla üzləşirik. İsti dövrlərdə stadionu normal vəziyyətə gətirə bilmirlər. Deməli, nə isə düzgün aparılmır. Ona görə də yeni mütəxəssislər gətirilib. Onların fikrindən sonra belə bir halın baş vermə səbəbini biləcəyik".

44 yaşlı mütəxəssis qeyd edib ki, Çexiyanın "Slovan" klubu ilə sentyabrın 15-nə nəzərdə tutulan qarşılaşmanın təşkili üçün hazırda iki variant nəzərdən keçirilir:

"Bunlardan biri "Dalğa Arena", digəri isə Bakı Olimpiya Stadionudur. Sabahdan etibarən hər hansı qərar qəbul etməyə çalışacağıq. Düşünmürəm ki, Respublika stadionundakı təmir işlərini ilk oyunadək çatdıraq".

"Qarabağ" Avropa Liqasının "play-off" mərhələsində İsveç "Höteburq"u ilə cavab görüşünü Respublika stadionunun bərbad ot örtüyündə keçirməli olub. Görüş Ağdam təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da mübarizəni dayandıran skandinaviyalılar ot örtüyünün vəziyyəti ilə əlaqədar UEFA-ya şikayət ediblər.

Son xəbərlər

Orphus sistemi