Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XII turun son görüşləri keçiriləcək.
"Report"un məlumatına görə, hər iki qarşılaşma Bakıda təşkil olunacaq.
Günün ilk oyununda Zirə İdman Kompleksinin stadionunda eyniadlı klub "Keşlə" ilə üz-üzə gələcək. Meydan sahibləri qələbə qazanacaqları təqdirdə, xallarını 14-ə çatdıraraq, 5-ci pilləyə yüksələcəklər. Qonaqlar qalib gəlsələr, xallarını 22-yə yüksəldəcəklər və lider "Qarabağ"la fərqi 5 xala endirəcəklər.
Bu, iki komandanın 18-ci görüşü olacaq. Əvvəlki 17 matçın 4-də "Zirə", 5-də "Keşlə" qələbə qazanıbsa, daha 8-i heç-heçə ilə yekunlaşıb. Topların nisbəti isə bərabərdir - 17:17. Digər tərəfdən, “Zirə” ardıcıl 7 ev oyununda qol vurub. “Keşlə” ardıcıl 2 matçdır meydanı qolsuz tərk etmir.
Günün son oyunu isə "Bakcell Arena"da "Neftçi" və "Qəbələ" arasında olacaq. Hazırda 18 xalla 3-cü pillədə qərarlaşmış "ağ-qaralar" liderlə xal fərqini azaltmağa, 9 xala malik "qırmızı-qaralar" isə sonuncu pillədən qurtulmağa çalışacaq.
Komandalar 46-cı dəfə üz-üzə gələcəklər. Əvvəlki 45 oyunun 20-dən "Neftçi", 16-dan "Qəbələ" qalib ayrılıbsa, daha 9 matç heç-heçə ilə yekunlaşıb. Topların nisbətində flaqmanın cüzi üstünlüyü var - 61:57. “Ağ-qaralar” 10 oyundur meydanı qolsuz tərk etmir. Paytaxt təmsilçisi son iki matçda 3 qol vurub və qalib gəlib.
Azərbaycan Premyer Liqası, XII tur
24 noyabr (bazar)
15:00. “Zirə” – “Keşlə”
Hakimlər: Orxan Məmmədov, Namiq Hüseynov, Vüqar Bayramov, Rauf Allahverdiyev
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Elbrus Abbasov
Zirə İdman Komleksinin stadionu
17:00. “Neftçi” – “Qəbələ”
Hakimlər: Kamal Umudlu, Mübariz Haşımov, Cavanşir Yusifov, Nicat İsmayıllı
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Seymur Səlimli
“Bakcell Arena”
Qeyd edək ki, turun ilk 2 oyununda "Sumqayıt" evdə "Qarabağ"a 2:1, "Sabah" isə səfərdə "Səbail"ə 3:1 hesabı ilə qalib gəlib.