Bakı. 10 noyabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında XI tura start verilib.
"Report"un məlumatına görə, açılış oyununda "Sabah" komandası "Səbail"i qəbul edib.
"Əlincə Arena"da keçirilmiş görüş qonaqların böyük hesablı qələbəsi ilə yekunlaşıb. "Səbail" bütün qolları əks-hücumların yekununda vurub. 2-ci dəqiqədə hesabı açan Ruslan Qurbanov 27-ci dəqiqədə Kevin Kubemba, 57-ci dəqiqədə isə Yevgeni Koçuka məhsuldar ötürmə verib. Moldovalı hücumçu 77-ci dəqiqədə daha bir qol vuraraq, yekun nəticəni müəyyənləşdirib - 4:0.
Bu qələbə sayəsində xallarını 20-yə çatdıran "Səbail" 2-ci pilləyə yüksəlib. 16 xala malik "Sabah" isə 4-cü pillədə qalıb.
Günün digər oyununda "Neftçi" "Zirə"ni qəbul edəcək. Tura noyabrın 11-də keçiriləcək "Qəbələ" - "Qarabağ" və "Sumqayıt" - "Keşlə" matçları ilə yekun vurulacaq.