“Almaniyadakı layihə bizim üçün böyük təcrübə oldu”.
Bunu “Report”a açıqlamasında Peşəkar Futbol Liqasının (PFL) texniki-idman direktoru Elgiz Abbasov AFFA və UEFA Akademiyasının birgə əməkdaşlığı çərçivəsində Almaniyada təşkil olunan “Elite Club Programme” təhsil layihəsi ilə bağlı danışarkən deyib.
PFL rəsmisi Almaniyada olarkən bir sıra seminarlarda iştirak etdiklərini bildirib: “Həm Frankfurtda, həm də Mayntsda olarkən klubların infrastrukturu, idarəetmə modulu və digər məsələlərlə bağlı ətraflı məlumat aldıq. Hər gün müxtəlif stadionlarda təlimlərə qatıldıq. Almaniya Futbol Assosiasiyasında isə bir sıra beynəlxalq nüanslarla tanış olduq”.
Layihənin birinci mərhələsinin Bakıda keçirildiyini xatırladan E.Abbasov bunun onlar üçün səmərəli alındığını söyləyib: “Orada AFFA, PFL rəsmiləri, həmçinin Premyer Liqada iştirak edən hər bir klubun nümayəndəsi beynəlxalq təcrübəni öyrəndilər və gələcəkdə tətbiqi mümkün olan yeniliklərlə bağlı ətraflı məlumatlar əldə etdilər”.
Texniki-idman direktoru modulun 3-cü hissəsinin yenidən Bakıda təşkil olunacağını sözlərinə əlavə edib: “Düşünürük ki, modulun sonunda müvafiq təcrübəni əldə etmiş olacağıq. İnkişaf üçün beynəlxalq təcrübədən istifadə etmək çox vacibdir”.