"Komandamızın çoxlu güclü tərəfi var. Rəqib zəif tərəflərimizi axtarmalıdır. Biz güclü kollektivik, Albaniya çempionuyuq və bununla fəxr edirik. İllərdir birgə çıxış edən komandamız var. Sloveniyadakı hazırlıq dövrümüz yaxşı keçib".
"Report"un məlumatına görə, bunu Albaniya "Partizani"sinin baş məşqçisi Franko Lerda Tiranada "Qarabağ"la keçirəcəkləri Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyunundan əvvəl mətbuat konfransında deyib.
İtaliyalı mütəxəssis Azərbaycan təmsilçisinin də güclü olduğunu vurğulayıb: "Rəqibimizin çoxlu oyununu görmüşəm, onları yaxşı tanıyıram. Ardıcıl 6 çempionluq əldə ediblər, İspaniyalı və braziliyalı istedadlı, keyfiyyətli oyunçuları var. Onlar öz güclərinə maksimum hörmətlə yanaşırlar".
Öz güclərinə əmin olduqlarını deyən Lerda bildirib ki, komandasından pozitiv oyun gözləyir. O, nəticənin meydanda görünəcəyini əlavə edib. Əlli iki yaşlı baş məşqçi hazırda ümumi hesabı yox, ilk matçı düşündüklərini diqqətə çatdırıb: "Cavab görüşü sabahkı oyundan asılı olacaq. Ona görə də yalnız ilk matça köklənməliyik.
Qeyd edək ki, iyulun 10-da "Selman Stermasi" stadionunda keçiriləcək "Partizani" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 19:30-da başlanacaq.