Elbrus Məmmədov: "Obradoviç savadlı mütəxəssisdir, ondan çox şey götürmüşəm"

Elbrus Məmmədov: "Obradoviç savadlı mütəxəssisdir, ondan çox şey götürmüşəm" Bakı. 14 yanvar. REPORT.AZ/ Yəqin ki, yaxın günlərdə bizimlə müqavilə imzalanacaq. Sözləşmənin detalları həmin vaxt bəlli olacaq.
Futbol
14 Yanvar , 2019 16:15
Elbrus Məmmədov: Obradoviç savadlı mütəxəssisdir, ondan çox şey götürmüşəm

Bakı. 14 yanvar. REPORT.AZ/ "Yəqin ki, yaxın günlərdə bizimlə müqavilə imzalanacaq. Sözləşmənin detalları həmin vaxt bəlli olacaq".

Bunu "Report"a açıqlamasında Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandasının baş məşqçisi Milan Obradoviçin köməkçisi təyin olunan Elbrus Məmmədov deyib.

Hazırda "Sumqayıt"ın əvəzedici komandasının baş məşqçisi olan 47 yaşlı mütəxəssis mayadək "gənclik şəhəri" təmsilçisindəki işini davam etdirəcəyini vurğulayıb.

O, Obradoviçlə məşqçi kurslarının birində tanış olduğunu söyləyib: "Tanışlığımız Ukraynada Pro lisenziyası üzrə kurs zamanı olub. Onunla iki ilədək birgə oxumuşuq. 2015-ci ildən tanışıq".

Məmmədov U-21-in digər məşqçisi Roman Kojuxovskinin də onlarla birlikdə oxuduğunu bildirib. O, yeni baş məşqçini belə dəyərləndirib: "Deyə bilərəm ki, Obradoviç çox savadlı mütəxəssisdir. Oxuduğum dövrdə birlikdə bəzi söhbətlər edirdik. Mən ondan çox şey götürmüşəm. Demək olar ki, eyni fəlsəfəmiz var. Meydanda futbolçulardan tələb etdiklərimiz də eynidir. Bu iş mənim üçün də bir təcrübə olar. İlk dəfə yığma səviyyəsində çalışacağam və nəyə qadir olduğumuzu görəcəyik. Əlimdən gələni edəcəyəm ki, hər şey alınsın".

Yeni köməkçi-məşqçi çalışacaqları dövrdə, ilk növbədə, komanda formalaşdırmalı olduqlarını söyləyib: "Əvvəlki baş məşqçilərin ixtiyarında olan oyunçulardan da istifadə edəcəyik. Mehriban və vahid kollektiv yarada bilsək, yəqin ki, irəli gedərik. İlkin məqsədimiz komanda toplamaqdır".

E.Məmmədov mövsümün sonuna qədər "Sumqayıt"da qalma səbəbinə də aydınlıq gətirib: "Orada da əziyyətimiz var, komanda şəklində bir-birimizə söz vermişik. Hazırda I Divizionda liderik, bu işi də axıra kimi çatdırmaq istəyirəm. "Sumqayıt"da olmasaydım, yenə Obradoviçə kömək etməyə hazır idim. Bizim dostluğumuz və tanışlığımız var. Kim məndən dəstək istəyibsə, hamısına kömək etməyə hazıram. Düşünürəm ki, yığma səviyyəsinə qalxmağın özü bir irəliləyiş deməkdir". 

Qeyd edək ki, Milan Obradoviçə Elbrus Məmmədovdan əlavə, ukraynalı Roman Kojuxovski və qapıçılarla iş üzrə məşqçi kimi köməkçisi Draqoslav Poleksiç yardımçı olacaq. Obradoviç Azərbaycanın U-21 millisinin baş məşqçisi vəzifəsinə yanvarın 11-də təyin edilib.

Son xəbərlər

Orphus sistemi