Nurlan İbrahimovun vəkili: "Heç bir yol qalmayıb, sadəcə, Avropa Məhkəməsinə müraciət etmək olar"

Nurlan İbrahimovun vəkili: "Heç bir yol qalmayıb, sadəcə, Avropa Məhkəməsinə müraciət etmək olar" Nurlan İbrahimovun vəkili: "Heç bir yol qalmayıb, sadəcə Avropa Məhkəməsinə müraciət etmək olar"
Futbol
6 Oktyabr , 2022 19:21
Nurlan İbrahimovun vəkili: Heç bir yol qalmayıb, sadəcə, Avropa Məhkəməsinə müraciət etmək olar

"Hüquqi baxımdan heç bir yol qalmayıb. Sadəcə, cəza ilə yox, qərarın onun əmək fəaliyyətinə mane olması ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) müraciət etmək olar".

Bunu "Report"a açıqlamasında hüquqşünas Fərid Haqverdiyev İdman Arbitraj Məhkəməsinin (CAS) "Qarabağ"ın keçmiş mətbuat katibi Nurlan İbrahimovla bağı qərarı qüvvədə saxlaması barədə danışarkən deyib.

Onun sözlərinə görə, indiyədək cəmi 2-3 təcrübə olub ki, AİHM vasitəsilə həllini tapıb: "Fikrimcə, bu da alınası iş deyil. Ancaq bir yol qalıb ki, bəlkə nə vaxtsa qərar ləğv olunar".

İbrahimovun vəkili CAS-a təqdim etdikləri arqumentləri də açıqlayıb: "Həmin vaxt "Qarabağ"ın 7-8 keçmiş futbolçusundan xasiyyətnamə almışdıq. Onlar yazmışdılar ki, Nurlanı tanıyırıq, heç vaxt hansısa əcnəbi və ya yerli oyunçularla problemi olmayıb. CAS-dan xahiş etdik ki, bunları da nəzərə alsınlar. İbrahimovun Artur Huzinqa adlı jurnalist dostu var. Hətta o da İdman Arbitraj Məhkəməsinə dəstək mesajı göndərmişdi. Amma bununla bağlı CAS-dan bizə heç nə yazmadılar. Orada ilk növbədə Nurlanın affekt vəziyyətində olmasını qabartdıq. Bildirdilər ki, sizi başa düşürük, bəyanatdan kədərlənirik, amma bu, İbrahimovun belə cümlələr işlətməsinə əsas vermir. Nurlanın statusunda xüsusilə sonuncu cümlə odun üstünə benzin tökən amil idi".

İkinci məsələ kimi, "Qarabağ"a qarşı təxribatlar olduğunu və ermənilərin ölümlə hədələməsini ortaya qoymuşduq. Lakin bunu da ciddi arqument kimi qəbul etmədilər. Bundan başqa, yüngülləşdirici amillərin nəzərə alınmasını xahiş etmişdik. Çünki Nurlanın özü məcburi köçkün ailəsindəndir. Uşaqlıqdan ermənilərin azərbaycanlılara qarşı vəhşiliyini eşidib və bunlar ona pis təsir edib. Yəni, məlum statusun yazılması emosional vəziyyətlə bağlı olub. Paylaşımı etdikdən sonra dərhal silib. Bu da onun peşmanlığını bildirir. CAS Nurlanın ikinci statusuna istinad etsə də, burada səmimi peşmanlıq görmədiyini bildirib. İddia edirlər ki, İbrahimov həmin statusda klubun ona görə cəzalanmasına diqqət çəkib. Yəni, orada peşmanlıq, narahatlıq hiss olunmur.

Üçüncü arqumentimiz Nurlanın futbol sahəsindəki 15 illik fəaliyyəti dövründə heç bir cəzasının və məhkumluğunun olmaması idi. CAS-dan bildirdilər ki, əslində 15 illik təcrübə ağır cəza verilməsi üçün əsasdır. Çünki təcrübəli insan bu addımı atmamışdan öncə fikirləşməli idi.

Dördüncü arqumentimiz o idi ki, bu cəza İbrahimovun reputasiyasına zərbədir, futbol sahəsində başqa işə götürməyəcəklər, problemləri olacaq. Qarşı tərəfin cavabı isə belə oldu ki, Nurlanın işlətdiyi ifadələr daha ağırdır. Onsuz da işəgötürən onun belə cümlələr işlətdiyini biləcək. Yəni, sözlərindən belə çıxdı ki, reputasiyasını fikirləşirsə, elə öz yazdığına baxsın.

Nəhayət, beşinci arqument kimi UEFA-nın bu qərarı təzyiq altında qəbul etdiyini vurğuladıq. CAS-dan isə dedilər ki, bununla bağlı hər hansı sübutunuz yoxdur, hamısı boş söhbətlərdir, işə baxan qurum məsələyə qərəzli yanaşmayıb. Onların sözlərinə görə, işə Ermənistan tərəfinin şikayəti əsasında baxılsaydı belə, heç nə dəyişməyəcəkdi. Biz tələb qoymuşduq, bu cəza adətən rüşvət alanlara şamil olunur. Təbii ki, bununla da razılaşmadılar və bildirdilər ki, məlum status genosidə çağırışdır".

Haqverdiyev bildirib ki, İbrahimov digər idman sahələri üzrə çalışa bilər: "Bununla bağlı hər hansı məhdudiyyət yoxdur. Bunu xarici vəkillərlə çox müzakirə etmişəm. Ortaq fikir ondan ibarətdir ki, UEFA-nın buna müdaxilə etmək səlahiyyəti yoxdur".

Qeyd edək ki, 44 günlük Vətən müharibəsi zamanı feysbuk səhifəsində ermənilərlə bağlı paylaşımına görə Nurlan İbrahimovu UEFA futboldan ömürlük uzaqlaşdırıb. "Qarabağ" klubu isə 100 000 avro cərimələnib. İbrahimov yanvarın 19-da klubdan ayrıldığını açıqlayıb.

Son xəbərlər

Orphus sistemi