Moldova millisinin sabiq baş məşqçisi "Neftçi"yə təklif olunub

Moldova millisinin sabiq baş məşqçisi "Neftçi"yə təklif olunub Moldavılı baş məşqçi Aleksandr Spiridon "Neftçi"yə təklif olunub.
Futbol
23 İyul , 2020 17:58
Moldova millisinin sabiq baş məşqçisi Neftçiyə təklif olunub

Moldovalı baş məşqçi Aleksandr Spiridon "Neftçi"yə təklif olunub. 

Bu barədə "Report"a 60 yaşlı mütəxəssisin agenti Arkadi Zaporojanu məlumat verib.

O, paytaxt təmsilçisinin Spiridondan imtina etdiyini və Füzuli Məmmədova üstünlük verdiyini söyləyib. Agent hazırda təcrübəli mütəxəssisin Ukraynanın "Dinamo" (Kiyev) komandasında çalışmasının mümkünlüyünü əlavə edib. 

Zaporojanu deyib ki, Roberto Bordinin qışda istefaya göndərilməsindən sonra xalq komandası "Neftçi"ni onun köməkçisinə etibar etmək riskli qərar olardı: "Bir tərəfdən, mövsümün ortası idi, üstəlik, komandada qeyri-sağlam ab-hava hökm sürürdü. Lakin zaman göstərdi ki, Füzuli Məmmədov öz işinin öhdəsindən yaxşı gəlir. Oyunda sabitlik yaranmış və ən əsası, keyfiyyət artmışdı. Bu isə çempionatı son 5 ildə ən yaxşı sayılan yenə ikinci pillədə başa vurmağa imkan verdi". 

Agent "Neftçi"yə xarici baş məşqçinin, o cümlədən Spiridonun dəvət olunmamasının səbəbindən də danışıb. Zaporojanunun fikrincə, bu məsələdə iki amil - koronavirus və maliyyə vəziyyəti əhəmiyyətli rol oynayıb: "Birinci amil Canni De Byazinin Azərbaycan millisinə baş məşqçi təyinatında da təsirini göstərdi. Bunu təyinatın 4-5 ay gecikməsindən görmək olar. İkinci amil isə komandanın oyun keyfiyyətinə ciddi təsir edə bilər. Əcnəbilər əksər hallarda yerlilərdən bahalı olurlar. "Neftçi"də isə büdcə ardıcıl ikinci mövsümdür azaldılıb. Bunu hətta transferlərdən də görmək mümkündür. Təzə oyunçular faktiki yeni adlardır".

Bununla belə, agent "Neftçi"nin seleksiya işi məsələsindən danışarkən, hələ irəli qaçmamağın gərəkliyini vurğulayıb: "Əlbəttə, hamı kimi mən də yeni tapıntıların timsalında istedadlarını açan keyfiyyətli oyunçuları görməkdən şad olaram. Bunu bizə Avropa Liqasındakı ilk oyunlar göstərəcək". 

Öz növbəsində, "Neftçi"nin Mətbuat və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Rüstəm Allahverdiyev "Report"a açıqlamasında kluba Spiridonla bağlı təklifin gəlmədiyini bildirib: "Ötən mövsümün ortalarında və indi baş məşqçi axtarışında olmamışıq ki, bizə hansısa mütəxəssis təklif olunsun. Roberto Bordinin gedişindən sonra da hansısa təklif gəlməyib. Əvvəlcədən qərar verilib ki, Füzuli Məmmədov mövsümün axırına qədər komandada olacaq və ümumi vəziyyətə baxılacaq. Yaxın günlərdə isə baş məşqçi məsələsi ilə bağlı qərar veriləcək. Baş məşqçi axtarışında olmamışıq və heç kiminlə də danışıq aparmamışıq. Axtarış etməmişik ki, bizə də təklif göndərsinlər". 

Qeyd edək ki, Aleksandr Spiridon son olaraq, 2018 - 2019-cu illərdə Moldova millisinin baş məşqçisi olub. O, 2004 - 2016-ci illərdə Ukraynada "Şaxtyor" (Donetsk) komandasında, 2016/2017 mövsümündə isə Rusiya "Zenit"ində baş məşqçi Mirça Luçeskunun köməkçisi olub. Luçesku bu gün Kiyev "Dinamo"suna baş məşqçi təyin olunub. 

Son xəbərlər

Orphus sistemi