Ukrayna "Dinamo"su ilə keçirəcəyi UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin oyunu üçün Kiyevə uçuş sarıdan Niderlandın AZ komandasına problem yaradılmayacaq.
"Report"un məlumatına görə, bu barədə Niderlandın Səhiyyə, Sosial Təminat və İdman Nazirliyindən açıqlama verilib. Nazirlikdən bildirilib ki, ölkəyə dönüşdə tətbiq edilən 10 günlük karantin tələbi idmançılara şamil olunmayacaq: "Biz situasiyanın vacibliyini başa düşürük və belə hallarda istisna tətbiq etməyə hazırıq".
Ukrayna COVID-19 pandemiyası ilə əlaqədar "narıncı zona"da yerləşir. Niderland hökuməti 10 günlük karantini belə zonalardan ölkəyə gələnlər üçün tətbiq edib. Bu səbəbdən, sentyabrın 15-nə nəzərdə tutulan "Dinamo" - AZ matçının neytral meydanda keçirilməsinin mümkünlüyünə dair xəbərlər yayılmışdı. Görüşün təşkili üçün mümkün variant kimi Polşa ərazisi nəzərdən keçirilirdi.
Qeyd edək ki, analoji situasiya "Qarabağ" və Norveç "Molde"si arasında keçiriləcək Çempionlar Liqasının III təsnifat mərhələsinin oyunu ətrafında da yaranıb. "Molde" Azərbaycandan dönüşdə 10 günlük karantinlə üzləşəcəklərini əsas gətirərək, matçın neytral meydanda keçirilməsi xahişi ilə UEFA-ya müraciət ünvanlayıb. Avropa futbol qurumu hələlik oyunun konkret tarixi və məkanı ilə bağlı qərar qəbul etməyib.