“Minsk 2019” II Avropa Oyunlarının açılış mərasimində ilk dəfə olaraq artırılmış reallıq texnologiyasından istifadə olunacaq.
"Report" yarışın rəsmi saytına istinadən xəbər verir ki, açılış mərasimi iyunun 21-də 22 min azarkeş tutumuna malik "Dinamo" Milli Olimpiya Stadionunda keçiriləcək.
Yeni texnologiya sahəsində virtual obyektlər reallığın bir hissəsi olacaq. Tədbirdə Belarus təbiəti ilə yanaşı heyvanlar və quşlar da nümayiş olunacaq.
II Avropa Oyunlarının açılış və bağlanış mərasiminin texniki prodüseri Sergey Kalinnikov mayın 15-dən açılış mərasiminin avadanlıqlarının quraşdırılmasına başlandığını bildirib. O deyib ki, artıq 10 yük maşını Minskə gəlib (təxminən, 70 ton avadanlıq): "Ən çətin məsələ odur ki, meydanı zərər vermədən tərk etməliyik. Çünki açılışdan sonra burada yarışlar keçiriləcək. Buna görə də bütün sahəni xüsusi materialla bağlayacağıq. Ot örtüyündə şəffaf materialdan istifadə edəcəyik və 14 gün ora zərər dəyməyəcək. İyunun 15-dən isə texniki işlərə başlayacağıq".
Qeyd edək ki, II Avropa Oyunları 21 - 30 iyunda keçiriləcək. 15 növ üzrə 199 dəst medal uğrunda yarışlara 50 ölkənin idmançıları qatılacaq. 8 növ üzrə mübarizə 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyacaq. I Avropa Oyunları 2015-ci il 12 - 28 iyunda Bakıda təşkil olunub.