Azərbaycan yığmasının futbolçusu Rüfət Dadaşovun çıxış etdiyi ABŞ-ın "Finiks Rayzinq" klubunun matçında uzun müddətdən sonra azarkeşlər olacaq.
"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, Arizona təmsilçisinin ABŞ Milli Futbol Liqasının (USL) növbəti turunda "Las-Veqas Layts"a qarşı keçirəcəyi matçında minə yaxın fanat iştirak edə biləcək.
Həmin azarkeşlər mövsümi abunə kartına sahib olanlardır. Bu isə Arizonada uzun fasilədən sonra ilk dəfə azarkeşlərin stadionlara buraxılması ilə əlamətdar olacaq.
Qeyd edək ki, "Finiks Rayzinq" - "Las-Veqas Layts" matçı sentyabrın 12-də Bakı vaxtı ilə saat 06:30-da başlayacaq. Hazırda "Finiks Rayzinq" 11 oyundan 23 xalla B qrupunda liderdir. Aktivində 8 qol olan Rüfət Dadaşov Azərbaycan yığmasının UEFA Millətlər Liqasında Lüksemburq və Kiprlə oyunlarına çağırılmamışdı.