Azərbaycan yığma komandasının legioner futbolçularının UEFA Millətlər Liqası qarşılaşmalarında iştirak üçün Bakıya səfərləri ilə bağlı heç bir problem olmayacaq.
Bu barədə "Report"a yığmanın baş administratoru İslam Abbasov məlumat verib.
O bildirib ki, baş məşqçi Canni De Byazi xarici klublarda çıxış edən milli üzvlərindən kimləri yığmaya çağırsa, həmin oyunçular əvvəlki qaydada gələ biləcəklər: "Hələlik mövcud vəziyyətlə bağlı problemlə rastlaşmamışıq. Hansısa oyunçuya dəvət göndərilsə, uyğun reyslər tapılacaq. Birbaşa reyslər olmasa da, tranzit reyslər var. Hansısa oyunçudan çarter reysi göndərməyə ehtiyac da yoxdur. Bu yöndə hansısa problem də olmamalıdır, reyslərə də baxmışıq. Türkiyənin İstanbul, Almaniyanın Frankfurt şəhərlərindən Bakıya reyslər var, tapmaq olur".
Abbasov yığma komandanın heyətinin avqustun 26-sı və ya 27-də açıqlanacağını söyləyib.
Qeyd edək ki, Azərbaycan millisi sentyabrın 5-də Bakıda Lüksemburq, 3 gün sonra isə səfərdə Kiprlə qarşılaşacaq.