Bakı. 26 avqust. REPORT.AZ/ "Napoli" futbol üzrə İtaliya A Seriyasının II tur görüşündə "Milan"ı məğlub edib.
“Report” xəbər verir ki, Neapol şəhərinin "San-Paolo" stadionunda baş tutan görüş 3:2 hesabı ilə meydan sahiblərinin xeyrinə yekunlaşıb.
Matçda hesabı 15-ci dəqiqədə "Milan"ın xavbeki Cakomo Bonaventura açıb. Birinci hissədən sonra müdafiəçi Davide Kalabriya qonaqların üstünlüyünü iki topa çatdırıb. Lakin "Napoli"nin yarımmüdafiəçisi Pyotr Zelinski 53 və 67-ci dəqiqələrdə dubl edərək qonaqların qələbə arzusunu ürəklərində qoyub. Bu da azmış kimi, Dris Mertens 80-ci dəqiqədə Karlo Ançelottinin komandasına qələbə gətirən qolu vurub.
"Napoli" iki turdan sonra maksimum nəticə göstərərək 6 xal yığıb və turnir cədvəlində 2-ci yerdə qərarlaşıb, "Milan" isə 0 xalla 13-cüdür.
İtaliya A Seriyası. II tur
"Napoli" – "Milan" - 3:2
Qollar: 0:1 – Bonaventura – 15, 0:2 – Kalabriya – 49, 1:2 – Zelinski – 53, 2:2 – Zelinski – 67, 3:2 – Mertens – 80.