İngiltərə Premyer Liqasının 17-ci turunda “Enfild” stadionunda “Liverpul”la “Mançester Yunayted” arasında qeydə alınan heç-heçə hesabı “qırmızı şeytanlar”ın uğursuz qolsuzluq seriyasını davam etdirib.
“Report” xəbər verir ki, mankunianlar 2018-ci ildən bəri “Enfild”də qol vura bilmirlər.
Sonuncu qol 2018-ci il dekabrın 16-da vurulub. “Yunayted”in 3:1 hesabı ilə yenildiyi oyunda qonaqların yeganə qolunu Cessi Linqard vurub. Bu məğlubiyyətdən sonra “qırmızı şeytanlar”ın baş məşqçisi Joze Mourinyo vəzifəsindən uzaqlaşdırılıb.
Qeyd edək ki, “Mançester Yunayted” bu mövsüm Premyer Liqada səfərdə 7 dəfə məğlub olub. 17-ci turdan sonra Erik ten Haqın komandası turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.
“Liverpul” cəmi bir dəfə – hakimin şübhəli qərarlar verdiyi matçda məğlub olub və ikinci yerdə qərarlaşıb. “Mançester Yunayted”lə “Liverpul” arasında cavab oyunu apreldə baş tutacaq.