Bakı. 24 dekabr. REPORT.AZ/ İngiltərənin "Mançester Siti" klubunun futbolçusu Fernandinyo 2018-ci il dünya çempionatından sonra ailəsinin ünvanına yönəlmiş təhdidlərlə əlaqədar Braziliya millisinə qayıtmaqdan imtina edib.
"Report"un məlumatına görə, bu barədə "El Espanol"a yığmanın baş məşqçisi Tite açıqlama verib. 57 yaşlı mütəxəssis bildirib ki, 33 yaşlı yarımmüdafiəçi yaxın gələcəkdə onu yığmaya çağırmamasını istəyib.
Tite mundialdan sonra axtardığı ilk oyunçunun Fernandinyo olduğunu söyləyib: "O, təcrübəsi olan inanılmaz bir futbolçudur. Getdim və onunla şəxsən danışdım. Çünki komandamız oyun tərkibində belə bir oyunçuya sahib olmaqdan qürur duyur. Ümid edirəm ki, bu, onun yekun qərarı deyil və futbolçunu dəstəkləyəcəyəm".
Qeyd edək ki, Fernandinyo dünya çempionatının 1/4 finalında Belçikaya 1:2 hesabı ilə məğlub olduqları matçda avtoqol müəllifi olub.