Ukraynanın "Dinamo" (Kiyev) komandasının yeni baş məşqçisi Mirça Luçeskunun köməkçiləri müəyyənləşib.
"Report"un "Dinamo Kyiv Inside" teleqram kanalına istinadən məlumatına görə, rumıniyalı mütəxəssisə komandanın sabiq futbolçuları Oleq Qusev və Oqnen Vukoyeviç, həmçinin moldovalı məşqçi Emil Karas yardımçı olacaq.
Qusev "Dinamo"ya 2003-cü ilin yayında gəlib. O, komandada 15 il ərzində 443 matçda 96 qol vurub.
Vukoyeviç 2008 - 2014-cü illərdə "ağ-göy" forma ilə 219 oyuna 15 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb.
Karas isə məşqçilik karyerasınadək Moldova yığmasında çıxış edib. 52 yaşlı mütəxəssis sonuncu dəfə BƏƏ "Əl-Nəsr"ində çalışıb.
Qeyd edək ki, Mirça Luçesku azarkeş təzyiqlərinə dözməyərək, istefa verdiyini açıqlasa da, onu dilə tutmaq mümkün olub.