"Məğlubiyyətin səbəbini izah edə bilmirəm. Keyfiyyətli futbolçularımız var. Matça yaxşı hazırlaşmışdıq. Düzdür, son anda bəzi dəyişikliklər oldu. Amma heç nə uğursuzluğa haqq qazandıra bilməz".
"Report"un məlumatına görə, bu fikirləri Polşa "Legiya"sının futbolçusu Joel Valensiya klubun rəsmi saytına açıqlamasında UEFA Avropa Liqasının pley-off mərhələsində evdə "Qarabağ"a 0:3 hesabı ilə uduzduqları oyun barədə danışarkən deyib.
Ekvadorlu vinger Azərbaycan çempionuna qarşı bərbad oyun göstərdiklərini etiraf edib: "Məsuliyyəti öz üstümüzə götürməliyik. Baş düşməliyik ki, hər şeyi səhv etdik. Mübarizəyə davam etmək lazımdır".
26 yaşlı futbolçu bildirib ki, ilk hissədə daha yaxşı çıxış edə bilərdilər: "Bəzi imkanlarımız oldu. Bunu ikinci hissədə də gördük. Amma buraxılan qoldan sonra başımızı qaldıra bilmədik. Yeni komandamız, baş məşqçimiz var. Amma bu da özünə haqq qazandırmaq kimi başa düşülməsin. Məğlubiyyətdə biz günahkarıq. İrəliyə baxmalı və öz gücümüzə inanmalıyıq".
Qeyd edək ki, "Qarabağ" bu qələbə sayəsində Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.