"Mənim üçün hamı istisnasız qəhrəman idi. Azərbaycanda olub ilk dəqiqədən sonadək 120 dəqiqə mübarizə aparan və hər şeyini meydanda qoyan hər kəs uğurumuzun səbəbkarlarıdır. Mən isə sadəcə, etməli olduğumu yerinə yetirdim. Çox xoşbəxtəm, çünki bu matçın nə qədər vacib olduğunu anlayırdım".
"Report"un məlumatına görə, bunu Albaniyanın "Laçi" komandasının qapıçısı Alen Şerri Bakıda "Keşlə"ni penaltilər seriyasında 5:4 hesabı ilə yendikləri Avropa Liqasının I təsnifat mərhələsinin oyunu barədə "Panorama Sport" nəşrinə danışarkən deyib.
23 yaşlı qolkiper bildirib ki, 72-ci dəqiqədə Lukas Ramosun qırmızı vərəqə almasından sonra çətinliklə üzləşiblər. Bura yorğunluq və hər dəqiqə artan təzyiq də əlavə olunub: "Əsas vaxt bitdikdən sonra komanda yoldaşlarıma dedim ki, əlavə vaxtı da penaltilər seriyasınadək uzada bilsək, qalib gələcəyik. Onlar da bunu etdilər. Həmin gecənin hər saniyəsinin bizə məxsus olduğunu düşünürdüm. Son nəticədə bu hədəfə çatmaq üçün çox şeyi qurban verdik. Başqa cür də ola bilməzdi. Əmin idim ki, penaltilərdə uduzsaq belə, meydanı qalib kimi tərk edəcəkdik. "Vlajniya"da komanda yoldaşım olmuş Silvio Juniorun penaltisini dəf edəcəyimə ümid edirdim. Çünki biz bir-birimizi çox yaxşı tanıyırdıq. Amma o, zərbəni adəti üzrə vurmadı. Əvəzində sonuncu penaltini tuta bildim".
Qeyd edək ki, "Keşlə" - "Laçi" matçının əsas və əlavə vaxtında hesab açılmayıb. Penaltilər seriyasında isə "Keşlə"nin kapitanı İlkin Qırtımovun zərbəni qeyri-dəqiq yerinə yetirməsi üzündən Albaniya komandası mərhələ adlayıb.