Bakı. 30 oktyabr. REPORT.AZ/ “Neftçi” futbol klubunun ukraynalı müdafiəçisi Kirill Petrovun “Report”a müsahibəsi...
- Azərbaycan Premyer Liqasının IX turunda “Qarabağ”ı 3:1 hesabı ilə məğlub etdiniz. Matçla bağlı nə deyə bilərsiniz?
- Hər kəs razıdır. Baş məşqçinin tapşırıqlarını tam şəkildə yerinə yetirdik. Bizim üçün vacib görüş idi. Qələbə qazandıq, lakin həyat davam edir, qarşıdakı oyunlara hazırlaşmalıyıq. Çalışacağıq ki, birinci yerdəki mövqeyimizi möhkəmləndirək.
- “Qarabağ”dan bu cür oyun gözləyirdiniz?
- Necə oynadılar ki?!
- Hər halda, əvvəlki qarşılaşmalarla müqayisədə zəif təsir bağışladılar. “Qarabağ”ın 1:3 hesabı ilə məğlub olmasını gözlənilməz hesab etmirsiniz?
- Nəyə görə? Çempionatın iki lideri oynayırdı. Siz “Neftçi”ni qiymətləndirmirsinizsə, öz işinizdir. Biz özümüzü normal qiymətləndiririk. Meydana qələbə üçün çıxmışdıq.
- Əlbəttə, “Neftçi”nin zəif olduğunu söyləmirik. Sadəcə, “Qarabağ”ın son illər daxili yarışlarda 3 qol buraxıb məğlub olmasını xatırlamırıq. Bu qalibiyyət “Qarabağ”ın zəifləməsinin, yoxsa “Neftçi”nin güclənməsinin göstəricisidir?
- Bunu siz, kənardan izləyənlər deyə bilər. Biz öz işimizi görürük. Necə təsir bağışladığımızı kənardan baxanlar söyləsin.
- “Qarabağ”ın Avropa Liqasındakı gərgin qrafiki və “Vorskla” ilə görüşdən sonrakı yorğunluq “Neftçi” ilə dueldə nəticəyə təsir etdi?
- Onların eyni səviyyəli iki heyəti var. Avropada üç gündən bir oynayırlar və heç kim şikayət etmir. Onlar ehtiyat oyunçular skamiyasında yetərincə futbolçunun olmamasından şikayətlənirlərsə, onda başqa komandalar nə desin? İki eyni səviyyəli heyətə malikdirlər və hansının zəif, hansının güclü olduğunu söyləmək olmaz. Bu, məğlubiyyət üçün bəhanə deyil.
- Yayda Avropa Liqasının I təsnifat mərhələsində Macarıstan “Uypeşt”inə uduzduqdan (3:1, 0:4) sonra "Neftçi"nin vəziyyəti heç də yaxşı deyildi. Lakin indi 22 xalla vahid lidersiniz. Bu müddətdə nə dəyişdi?
- Məğlubiyyətdən sonra da komandanın durumu pis deyildi. Həmin görüşü unudub irəli baxdıq. Bu, sadəcə, uğursuz bir oyun idi. Çempionatda ilk matçımızdan sonra hər şeyin normal olduğunu hər kəs gördü.
- “Neftçi”nin cari mövsümdə lider olmasının və çempionluğa oynamasının səbəbi nədir və ötən mövsümlə müqayisədə baş məşqçi Roberto Bordin nələri dəyişib?
- Demək olar ki, bütün komanda dəyişib. Ötən mövsümlə müqayisədə heyət 90 faiz yenilənib. Sualınızın əsas cavabı budur. Həmçinin məşqçilər korpusu da dəyişib.
- “Qarabağ”ın həmyerlilərinizə - “Vorskla”ya 0:1 hesabı ilə uduzduğu matça baxdınız?
- Bəli, baxdım. Ölkəmi təmsil edən komandanın qalib gəlməsinə sevindim. Yetərincə yaxşı oynadılar. Görünür, “Qarabağ”ı yaxşı analiz ediblər. Rəqibə qalib gəlməsi üçün nəsə etməyə imkan vermədilər. Müdafiədə savadlı oynadılar və qol vurdular. Qalib gəlmələrini ədalətli nəticə hesab edirəm.
- Bu kollektivlər arasında Ukraynada baş tutacaq görüşdə şansları necə qiymətləndirirsiniz?
- Hər bir komandanın qalib gəlmək imkanı var. Şansları 50/50-yə qiymətləndirirəm. “Qarabağ” ən yaxşı keyifyyətlərini göstərə bilsə, şans var. Lakin Bakı ilə müqayisədə, Poltavadakı matçın onlar üçün daha çətin olacağını düşünürəm. Maraqlı görüş olacaq.
- Belə bir fikir var: Nə qədər ki, “Qarabağ” Avropa Liqasında oynayır, “Neftçi” aradakı fərqi artırmalıdır. Əks halda, qışdan sonra liderliyi qorumaq çətin olacaq. Bununla razısınız?
- Razı deyilem. Çempionatda bizdən başqa daha 6 komanda çıxış edir. Əksinə, üç gündən bir oynamaq daha yaxşıdır, nəinki növbəti tura məşq edib hazırlaşmaq. Onlar daim ritmdə olurlar. Belə vəziyyətdə “Qarabağ” üçün daha asan olmalıdır.
- Noyabrın 3-də X tur çərçivəsində “Keşlə”nin qonağı olacaqsınız. Ötən mövsüm “Neftçi”yə rəhbərlik edən Tərlan Əhmədov bu gün “Keşlə”nin baş məşqçisi təyin olundu...
- O, özünə iş yeri tapdığı üçün şadam. Amma biz Tərlan müəllimə yox, “Keşlə”yə qarşı oynayacağıq. Bu matça da eyni qaydada hazırlaşacağıq.