"Müsbətin mənfi cəhətdən çox olduğu oyunu geridə qoyduq. Sözsüz ki, nəticədən məyusuq, amma uduzduğumuz oyunda müsbət hallar var idi".
"Report"un "Sportime.sigmalive" nəşrinə istinadən verdiyi məlumata görə, bu fikirləri Kipr yığmasının futbolçusu Konstantinos Laifis Azərbaycana qarşı keçirəcəkləri UEFA Millətlər Liqasının II tur matçından əvvəl mətbuat konfransında deyib.
27 yaşlı müdafiəçi bildirib ki, gənc oyunçular öz komandalarından yığmaya hazır vəziyyətdə gəlməlidir. Belçikalı baş məşqçi onların öz klublarında müntəzəm oynamalı olduğunu diqqətə çatdırıb.
Laifis Azərbaycan millisinin yaxşı rəqib olduğunu söyləyib: "Rəqibimiz haqqında bacardığımız qədər məlumatı sabaha qədər toplamağa çalışacağıq. Əminəm ki, gənc oyunçulardan güclü bir komanda yetişəcək".
Müdafiəçi "nəyin sayəsində qələbə qazana bilərsiniz" sualına belə cavab verib: "Gəlin, qorxmayaq, qalib gələ biləcəyimizə inanaq. Ən təcrübəlilər gənclərə dəstək olmalıdırlar. Tam gücümüzü ortaya qoymalıyıq. Yığmada çoxlu keyfiyyətli oyunçu var".
Qeyd edək ki, sentyabrın 8-də Nikosiyadakı GSP stadionunda keçiriləcək Kipr - Azərbaycan görüşü Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Canni De Byazinin rəhbərlik etdiyi komanda ilk turda evdə Lüksemburqa 1:2, Kipr isə Monteneqroya 0:2 hesabı ilə uduzub.