Bakı. 9 yanvar. REPORT.AZ/ "Bu, mənim ilk oyunum idi. Təbii ki, komanda üzvlərini meydanda yeni tanıyırdım. Düşünürəm ki, yaxşı matç alındı".
Bunu "Report"a açıqlamasında "Keşlə"nin yeni transferi Con Kamara yoxlama oyununda "Qaradağ Lökbatan"ı 4:0 hesabı ilə məğlub etdikləri matç barədə danışarkən deyib.
31 yaşlı futbolçu gələcəkdə də müsbət nəticəli oyunlarının olacağına ümid etdiyini vurğulayıb: "Azərbaycan futbolu və "Keşlə" haqqında əvvəlcədən məlumatlı idim. Çünki səhv etmirəmsə, vətənimdən 5 futbolçu Azərbaycanda oynayıb".
Syerra-Leone yığmasında çıxış edən yarımmüdafiəçi yeni komandasında möhkəmlənmək istədiyini bildirib. Kamara bunun üçün lazımi motivasiyaya malik olduğunu vurğulayıb: "Öz perspektivimi yüksək qiymətləndirirəm. Əlimdən gələni edəcəyəm ki, heyətdə olum və komandaya köməklik göstərim".
Daha öncə Qazaxıstan Premyer Liqasında oynadığını xatırladan təcrübəli futbolçu "Hər zaman öz üzərimdə çalışmışam. İnanıram ki, yeni komandama əlimdən gələn köməyi göstərəcək, öz üzərimdə işləyəcəyəm" deyib.
Qeyd edək ki, Con Kamara "Keşlə"dən öncə Qazaxıstanın "Kaysar" klubunda çıxış edib.