Bakı. 27 fevral. REPORT.AZ/ “Bu futbolçularla qış fasiləsində cari mövsümün sonunadək müqavilə bağlamışıq. Onları bir müddət sonra sözləşmələrinə xitam vermək üçün gətirməmişik”.
Bunu “Report”a açıqlamasında “Keşlə” klubunun baş direktoru Rəmiş Malıyev qış fasiləsində heyətə cəlb olunan Argentinalı Pablo Podio və serbiyalı Nemanya Stoyanoviçin hələ də əsas komandada debüt etməmələrinə münasibət bildirərəkən deyib.
Malıyev bildirib ki, əcnəbi yarımmüdafiəçilərin meydana çıxmaması onların fiziki durumları ilə bağlıdır: “Onlar bir müddət əvvəl zədəli idilər. Hazırda isə hər ikisi əsas komanda ilə məşq edir. Nə zaman meydana çıxacaqlarına Yuri Maksimov qərar verəcək. Baş məşqçinin işinə qarışmırıq. Onlar sonuncu turda əvəzedici komandada “Sumqayıt”a qarşı bir hissə oynayıblar”.
Qeyd edək ki, “Keşlə” qış fasiləsindən sonra keçirdiyi 3 oyundan 4 xal toplayıb. “Səbail”lə heç-heçə edən (1:1) paytaxt klubu “Kəpəz”i məğlub etdiyi halda (1:0), “Sumqayıt”a uduzub (1:2). Azərbaycan Kubokunda yarımfinala vəsiqə qazanan paytaxt təmsilçisi Premyer Liqada 12 xalla 7-ci pillədə qərarlaşıb.