Bakı. 23 oktyabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasının IX turu tamaşaçı sayında iki rekordla əlamətdar olub. “Report” Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, 8 min azarkeş toplayan “Kəpəz” – “Neftçi” görüşü 2017/18 mövsümünün ən çox tamaşaçı toplayan oyunu olub.
Qonaqların 1:0 hesabı ilə qalib gəldikləri Gəncədəki matç “Neftçi” – “Qarabağ” qarşılaşmasını arxada qoyub. Əvvəlki 8 turun ən çox izləyici yığan matçı mövsümün açılış oyunu idi. “Qarabağ”ın 3:1 hesablı qələbəsi ilə bitən qarşılaşmanı 4800 tamaşaçı izləmişdi.
Ümumiyyətlə, IX tur ən çox azarkeşin toplaması ilə də diqqət çəkib. Turun görüşlərini 12 min 550 tamaşaçı izləyib. Bu da mövsümün rekordudur. Bunadək rekord III tura aid idi – 8100 tamaşaçı.
Azərbaycan Premyer Liqasının IX turu “Neftçi”nin ardıcıl 3-cü qələbəsi ilə də əlamətdar olub. “İnter”i 2:0, “Səbail”i 4:0 hesabı ilə məğlub edən Tərlan Əhmədovun baş məşqçi olduğu kollektiv Gəncə səfərində “Kəpəz”i də qol buraxmadan üstələyib – 1:0.
“Ağ-qaralar”ın ardıcıl 3 qarşılaşmada 9 xal qazanması isə son illərdə nadir təsadüf olunan hadisədir. Bakılılar belə qələbə seriyasına sonuncu dəfə 2015/2016 mövsümündə imza atıb. 2016-cı ilin mayında “Neftçi” AZAL (3:1), “Kəpəz” (2:1) və “İnter”i (4:2) məğlub edib. Lakin həmin vaxt flaqman hər 3 matçda qol buraxıb. Paytaxt təmsilçisinin ən azı 3 qarşılaşmada "quru hesab"la qalib gəlməsi isə sonuncu dəfə 2014-cü ilin mart-aprelinə – təxminən 3,5 il öncəyə təsadüf edib. Həmin vaxt ardıcıl 5 dəfə qalib gələn “ağ-qaralar” bunların 3-də - “Rəvan”, “Xəzər Lənkəran” və “Bakı”nı qol buraxmadan udub. Həmin vaxt ardıcıl üç görüşdə 1:0 hesabı qeydə alınıb.