Qazaxıstanın "Kayrat" klubu "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının qrup mərhələsinin III tur oyunu üçün Bakıya yollanıb.
"Report" yerli mətbuata istinadən xəbər verir ki, daha əvvəl matçı buraxacağı açıqlanan tanınmış futbolçu Vaqner Lavın Ağdam təmsilçisinə qarşı oynaya biləcəyi bildirilib.
Həkimlər 37 yaşlı hücumçunun qarşılaşmada iştirakına icazə verib. Zədəsini sağaldan təcrübəli forvardın sabah meydana çıxacağı gözlənilir.
Əvəzində, 12 qolla Almatı təmsilçisinin bombardiri Artur Şuşenaçev zədələnib. Ayağında ağrılar hiss edən hücumçunun görüşdə iştirakı sual altındadır.
Qeyd edək ki, oktyabrın 21-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Kayrat" oyunu saat 20:45-də başlanacaq.