İspaniyanın "Jirona" klubunun baş məşqçisi Miçel komandasının "Barselona" ilə oyunda qazandığı qələbəni (4:2) şərh edib.
Bu barədə “Report” “Marca”ya istinadən xəbər verir.
“Biz xoşbəxtik. Bu, möhtəşəm “Barselona”dır. İlk hissə onların üstünlüyü ilə keçdi. Lakin fasilədən sonra topa yaxşı nəzarət etdik. Onların da, bizim də şanslarımız oldu, amma biz daha dəqiq idik. Oyunun tempi çox yüksək idi, bizim üçün çətin oldu. Amma əhval-ruhiyyəmiz çox yaxşı idi.
La Liqada 100-cü oyunumu keçirdiyim və “Barselona” üzərində ilk qələbəmi qazandığım üçün çox şadam. Xüsusilə birinci hissədə böyük çətinliklər gözləyirdik, amma komandamın ruhu var. İnanırıq ki, biz çox şeyə qadirik. İlk məqsəd özümüzü aşağı liqaya düşməkdən qorumaqdır. İndi biz Avropada oynamaq istəyirik və mümkün olan hər şeyi etməyə çalışacağıq”, - Mişel deyib.
Qeyd edək ki, İspaniya çempionatında 16-cı turun növbəti oyununda “Barselona” bu mövsüm inamlı təsir bağışlayan "Jirona"nı qəbul edib. Ümumilikdə 6 qolun vurulduğu matçda qonaqlar 4:2 hesabı ilə qalib gəliblər. Meydan sahiblərinin heyətində Robert Levandovski ilə İlkay Gündoğan, "Jirona"da isə Artyom Dovbik, Migel Qutyerreş, Valeri Fernandes və Kristian Stuani olub.
Bu qələbədən sonra "Jirona" turnir cədvəlində 41 xalla liderdir. "Real" 39 xalla ikinci, bir oyun az keçirən "Atletiko" 34 xalla üçüncü və eyni xala sahib "Barselona" dördüncüdür.