“Qəbələ”nin şimali makedoniyalı futbolçusu İsnik Alimi peşəkar karyerasına 2011-ci ildə ölkəsinin “Orxid” klubunda başlayıb.
Qısa müddət Xorvatiyada çıxış etmiş 28 yaşlı yarımmüdafiəçi karyerasının böyük hissəsini İtaliyada keçirib.
Bu ölkənin bir neçə komandasında icarə əsasında oynamış Alimi “Kyevo” və “Atalanta” kimi tanınmış komandaların da formasını geyinib. Orta sahə oyunçusu “Qəbələ”yə 2021-ci ilin yayında “Atalanta”dan keçib. O, vaxtilə Şimali Makedoniyanın U-19, Albaniyanın isə U-21 yığmasının şərəfini qoruyub.
Cari mövsüm Premyer Liqada baş tutan 16 oyunun hamısında iştirak edən və 6 qola imza atan İsnik Alimi “Report”un suallarını cavablandırıb.
- Premyer Liqanın XVI turunda “Səbail”lə oyunda erkən qol buraxsanız da, sonda 2:1 hesablı qələbə qazandınız. Geridönüş etməyinizi nəyə borclusunuz?
- İlk dəqiqələrdə qol buraxmaq normaldır. Futbolda belə hallara rast gəlmək olar. Önəmli olan buraxılan topa reaksiya verə bilməkdir. “Səbail”lə görüşün 5-ci dəqiqəsində qol buraxsaq da, oyunu dəyişmək üçün çox vaxtımız var idi. Biz də təmkinlə öz oyunumuzu sərgilədik və sonda istəyimizə çatdıq.
- Erkən buraxılan topdan sonra sizdə xal itirmək qorxusu yaranmadı?
- Xeyr, qorxmadım. Çünki komandamın yaxşı oynadığını gördüm. Çoxlu imkanlar yaradırdıq. Qol vuracağımızı bilirdim.
- Hücumçu Ülvi İsgəndərov yenə sonradan meydana daxil olaraq fərqləndi. İsgəndərov hər dəfə oyuna qoşulanda sizdə onun yenə qol vuracağına dair fikir yaranmır?
- Bəli, Ülvi çox yaxşı futbolçudur. Meydana olduğu müddətdə çox ağıllı çıxış edir. Üstəlik, həmin anlarda kifayət qədər qol imkanları yaradırdıq. Belə məqamda zaman məsələsi, qolun nə vaxt gəlməsi önəmlidir. Ülviyə də afərin. Ön xətdə hər zaman düzgün mövqe seçməyi bacarır. Bu, onda olan bir istedaddır.
- Mövsümün ilk 16 turunda qeyri-stabil nəticələr göstərməyinizi səbəbini nə ilə izah edə bilərsiniz?
- Komanda olaraq daha stabil çıxış etmək üçün çalışırıq. Oyunlarda eyni səhvləri edirik, bir qədər də bəxtimiz gətirmir. Amma təkmilləşdirməli olduğumuz cəhətlər var. Xüsusən də, son nöqtəni qoymaq üzərində işləməliyik. Hər oyunda kifayət qədər qol vəziyyətləri yaradırıq. Sadəcə, son məqamda qolu vurmaqda çətinlik çəkirik. Məncə, əsas problemimiz budur.
- “Qəbələ” ilə “Zirə”nin bundan sonra çempionatda 4-cü yer uğrunda bir-birinə əsas rəqib olacağını demək olar?
- Xeyr. Niyə belə düşündüyünüzü bilmirəm. 3-cü yerdəki “Neftçi”dən 8 xal geridəyik. Məncə, Premyer Liqada “Neftçi”yə çata bilərik. Mövsümün sonuna hələ çox vaxt var. Üstəlik, nəzərə alaq ki, “Neftçi” ilə daha iki matçımız olacaq. Hər görüşə qələbə üçün çıxacağıq. Məqsədimiz mümkün qədər irəliləməkdir.
- “Qarabağ”la Azərbaycan kubokunda və çempionatda ümumilikdə ardıcıl 3 oyun keçirəcəksiniz. Hədəfiniz nədir?
- Hədəfimiz əlbəttə ki, qalib gəlməkdir. Çox çətin olacaq, amma cəhd eləməliyik. Bunun üçün bütün gücümüzü ortaya qoymalıyıq ki, istədiyimiz nəticələri əldə edək. 11 gün ərzində “Qarabağ”a qarşı 3 oyun keçirmək çox çətindir. Rəqibin çox yaxşı futbolçuları var. Bir-birlərini istənilən vaxt uğurla dəyişə bilirlər. Meydançaya kimin çıxmasından asılı olmayaraq, həmin oyunçu əsas heyət üzvü kimi çıxış edir. Ancaq yenə də bütün gücümüzlə mübarizə aparmalıyıq. Bir az da bəxt yanımızda olmalıdır.
- Eyni komanda ilə bir mövsüm ərzində çox qarşılaşmaq bezdirici olmur?
- Xeyr. Təkcə Azərbaycanda belə deyil. Xorvatiyada olanda da 10 komandalı çempionatda çıxış etmişəm. Liqada eyni rəqiblə mövsüm ərzində 4 dəfə üz-üzə gəlirsən. 10-11 komandalı çempionatlar var. Məncə, İsveçrədə də vəziyyət belədir.