İlqar Qurbanov: “Türkiyədəki futbolçularımızın sayı artacaq, qapı artıq açılıb” - MÜSAHİBƏ

İlqar Qurbanov: “Türkiyədəki futbolçularımızın sayı artacaq, qapı artıq açılıb” - MÜSAHİBƏ Azərbaycan millisinin 4 futbolçusu yay fasiləsində Türkiyə klublarına transfer olunublar. Onlardan Bəxtiyar Həsənalızadə və Coşqun Diniyev I Liqa, Şahruddin Məhəmmədəliyevlə Renat Dadaşov isə Superliqa təmsilçilərinə keçiblər.
Futbol
19 Sentyabr , 2023 14:17
İlqar Qurbanov: “Türkiyədəki futbolçularımızın sayı artacaq, qapı artıq açılıb” - MÜSAHİBƏ

Azərbaycan millisinin 4 futbolçusu yay fasiləsində Türkiyə klublarına transfer olunublar. Onlardan Bəxtiyar Həsənalızadə və Coşqun Diniyev I Liqa, Şahruddin Məhəmmədəliyevlə Renat Dadaşov isə Superliqa təmsilçilərinə keçiblər.

Futbolçu karyerası ərzində Türkiyədə “Fənərbağça” , “Sivasspor”, “Boluspor”, “Mersin İdmanyurdu” klublarında çıxış etmiş Azərbaycan millisinin seleksiyaçısı İlqar Qurbanov futbolçularımızın qardaş ölkəyə köçmələrinə vasitəçilik edir.

37 yaşlı mütəxəssis “Report”a müsahibəsində həm yay transferlərini dəyərləndirib, həm də bundan sonrakı planları açıqlayıb.

- Seleksiya işləri necə gedir?
- Hələlik bir yenilik yoxdur. Aşağı yaş qruplarında yetişən uşaqlar var ki, onların inkişaf prosesini izləyirik. Son vaxtlar futbolçularımızın ölkə xaricinə axını başlayıb. Çoxdan idi ki, bu qədər legionerimiz olmamışdı. Ölkə xaricində çıxış edən 8-9 futbolçu milliyə çağırılır. Əlbəttə ki, say artmalıdır. Ölkə xaricinə gedənlər arasında gənclər çoxluq təşkil etsələr, daha yaxşı olar. Bu da indiki məqamda çətindir. Çünki gənclər arasında xaricdə oynayacaq maksimum 2-3 nəfər var.

- Son müsahibənizdə bir neçə gənc oyunçunun legioner həyatı yaşamaq variantının olduğunu demişdiniz. Bu məsələ nə yerdə qalıb?
- Pasport və yerləşmə ilə bağlı problemlər olur. Bəziləri fiziki cəhətdən hazır deyillər. Xarici klublar da daha çox millidə oynayan təcrübəlilərə üstünlük verirlər. Çünki hazır futbolçu istəyirlər. Hazır olmayan oyunçu özlərinin aşağı yaş qruplarında nə qədər desən var.

- Əvvəlki illərlə müqayisədə milli üzvləri artıq legioner həyatı yaşamağa müsbət yanaşırlar. Bu amil sizin də işinizi asanlaşdırır?
- Bəli, bu, çox sevindirici haldır. Həmişə Rusiya, Türkiyə kimi ölkələrdə limit məsələsinin tənzimlənməsinin davasını etmişəm. Belə olarsa, futbolçularımız həmin ölkələrə daha rahat gedərlər. Türkiyədə bir türkdilli oyunçuya limit qoyulmaması da yaxşıdır. Artıq 4 futbolçumuz qardaş ölkədə çıxış edir – Renat Dadaşov, Şahruddin Məhəmmədəliyev, Coşqun Diniyev və Bəxtiyar Həsənalızadə.

- Bu sayın artması üçün hansısa işlər gedir?
- Əlbəttə. Məsələn, Bəxtiyar və Şahruddinin transferində köməyim olub.

- Şahruddin Məhəmmədəliyevin ardıcıl səhvlərə yol verdiyi bir vaxtda “Adana Dəmirspor” kimi güclü kluba keçməsi gözlənilməz oldu. Onun Superliqa təmsilçisinə transferi necə baş tutdu?
- Son səhvində ayaqla ötürmə zamanı top rəqibə düşdü, onlar da hücumu qolla yekunlaşdırdılar. Bu, zəif performans demək deyil. Futbolda belə hallar olur. Bəzən qapıçı, bəzən də müdafiəçi səhvə yol verir. Sadəcə, Şahruddində problemlər üst-üstə gəldiyi üçün gərginlik yarandı. O ki qaldı transferinə, “Adana Dəmirspor” Şahruddinə mənim vasitəçiliyimlə təklif göndərdi. Daha sonra klubla futbolçu öz arasında danışıq aparıb razılaşdı. Ümumiyyətlə, azərbaycanlı futbolçular üçün Türkiyədən mənə çox təklif gəlir. Mən də futbolçulara və klublarına bu təklifi yönləndirirəm. Çünki milli komanda naminə azərbaycanlı oyunçuların xaricə çıxmalarını çox istəyirəm. Ona görə də belə təkliflər gələndə kömək etməyə çalışıram.

- Məhəmmədəliyev Superliqa klubuna ikinci qapıçı kimi keçib?
- “Adana Dəmirspor”da rəqabət böyükdür. Ulduz futbolçular transfer ediblər. Orada heç kimin əsas heyət zəmanəti yoxdur. Hansısa azərbaycanlının orada olması böyük hadisədir.

- Başqa variantlar var?
- Açığı, 4-5 futbolçumuza təklif var idi. Ancaq oyunçular özləri buna razılıq vermədilər. Azərbaycanlılara maraq böyükdür. Aralarında gənclər də var idi.

- Qış fasiləsində hansısa keçid reallaşa bilər?
- Türkiyədə limit məsələsi olduğundan maraqlananlar çox olur. Mənim də onların klubları ilə əlaqələrim yaxşıdır. Bu səbəbdən ilk olaraq mənimlə əlaqə saxlayırlar. Tez-tez hansı futbolçunun onların çempionatında oynamaq iqtidarında olduğunu soruşurlar, məsləhətləşirlər. Mən də buna uyğun təkliflərimi edirəm. Məsələn, elə futbolçu var ki, Azərbaycan Premyer Liqasında yaxşı çıxış etsə də, Superliqada bunu təkrarlaya bilməz. Fiziki cəhətdən çatdırmayacağını bilirəm. Belədə həmin oyunçuları I Liqa klublarına məsləhət görürəm. Bəxtiyar Həsənalızadədə elə olmuşdu. Müdafiəçi transferi üçün mənə müraciət etdilər, onu məsləhət gördüm. O da etimadı doğruldur. Azərbaycanlı futbolçulara marağın daha da artması üçün Coşqundan, Renatdan, Şahruddindən və Bəxtiyardan çox şey asılıdır. Məncə, Türkiyədəki futbolçularımızın sayı artacaq. Qapı artıq açılıb.

Son xəbərlər

Orphus sistemi