Bakı. 7 dekabr. REPORT.AZ/ "Qarabağ"ın futbolçusu İlqar Qurbanov Azərbaycan Premyer Liqasının XV turunda "İnter"i evdə 1:0 hesabı ilə məğlub etdikləri görüşdən sonra jurnalistlərin suallarını cavablandırıb. "Report" həmin müsahibəni təqdim edir...
- "İnter"lə oyun haqda nə deyə bilərsiniz?
- Maraqlı oyun keçdi. Hər iki komanda yaxşı çıxış edirdi. İlk hissədə vurduğumuz qoldan sonra üstünlüyümüzü sonadək qoruduq. Ağır oyunlar həftəsində çətin olur, amma qalib gələ bildik.
- "Qarabağ" turnir cədvəlində liderdir və ən yaxın izləyicisi "Qəbələ" ilə 8 xal fərq var...
- Bundan əvvəlki mövsümlərdə də 12-13 xal öndə olduğumuz vaxtlar olub. Lakin sonradan həmin fərq 3-4-ə enib. Bu xal fərqinə görə rahatlaşmaq olmaz. 3 xallıq sistemdə 8 xalın əhəmiyyəti elə də böyük deyil. Bu səbəbdən, öz oyunumuza baxırıq. Xal haqda düşünsək, tez itirərik.
- Etiraf etmək olarmı ki, Premyer Liqada "Qarabağ"a tam ciddi rəqib yoxdur?
- Ötən tur "Neftçi" ilə oyunda uduzduq. Deməzdim ki, müqavimət göstərmirlər, hamı bizə qarşı çox yaxşı hazırlaşır və böyük həvəslə oynayırlar. Oyunlar doğrudan da çətin keçir. Həm kubok, həm də Avropa Liqasında çıxış etdiyimizdən, bizə çətinlik olur. 3 gündən bir oyun keçiririk. Deməzdim ki, başqa komandalar aşağı səviyyədədir. Elə "İnter" də oynamağa çalışır, ağıllı müdafiə olunurdu.
- "Qarabağ"a qarşı yaxşı hazırlaşmaq nədən irəli gəlir: Bu komandadan beləmi çəkinirlər?
- Yəqin ki, çəkinirlər. Ya ev, ya da səfər oyununda rəqiblər çox istəkli olur. Elə "Neftçi" ilə matçda gördük ki, necə istəklə çıxış edirdilər. "Qarabağ" yaxşı davam etdiyi üçün hər kəs ciddi hazırlaşır.
- Avropa Liqasında yolunuza davam edə biləcəksiniz, yoxsa bu illik kifayət edər?
- Hər bir futbolçunun istəyi davam etməkdir. Çətin oyun qalıb. Belçikada "Anderlext" üzərində qələbə qazansaq, növbəti mərhələ şansımız var.
- Böyük ehtimalla, Ansi Aqollinin yoxluğunda start heyətində Siz yer alacaqsınız...
- İnşallah, zədəli futbolçumuz olmaz. Şans verilsə, mən də oynayaram.
- Qurban Qurbanov niyə Avropa Liqasının əksər oyunlarında sənə şans vermir, güvənmir?
- Bunlar baş məşqçinin qərarıdır. Xüsusi bir səbəbi yoxdur. Oturmuş heyətdir, ehtiyac olduğunda mənə şans verilir. Peşəkar futbolçu həmişə bunlara hazır olmalıdır. Qərarına heç vaxt etiraz etməmişəm.
- "Qarabağ"ın "Anderlext"lə oyunundan əlavə Londonda keçiriləcək "Tottenhem" - "Monako" matçı da diqqətdə olacaq. "Tottenhem" onsuz da növbəti mərhələni təmin edib. Necə düşünürsünüz, bu baxımdan rəqibə güzəştə getməyəcəklər?
- İnanmıram ki, belə olsun. "Tottenhem" Bakıya gələndə hər kəs deyirdi 2-3-cü heyətlə gələcək. Amma əas heyətlə gəldi və nə qədər ciddi olduqlarını göstərdilər. Fikrimcə, "Tottenhem" evdə, öz azarkeşləri qarşısında uduzmaq istəməz.