Türkiyə klubu “Fənərbağça”nın yetirməsi olan Azərbaycan millisinin sabiq futbolçusu İlqar Qurbanov peşəkar karyerası ərzində qonşu ölkədə “Sivasspor”, “Boluspor”, “Mersin İdmanyurdu” kimi klublarda, eləcə də, ölkə daxilində “Xəzər Lənkəran”, “Olimpik”, “Qarabağ”, “Qəbələ” və “Sumqayıt”da çıxış edib.
2020-ci ildə karyerasını başa vuran 37 yaşlı mütəxəssis hazırda Azərbaycan millisinin skautu kimi fəaliyyət göstərir. Yanvarın əvvəllərində Türkiyənin Antalya şəhərində olan Qurbanov orada bir neçə skautla görüşüb, eyni zamanda, Azərbaycan klublarının yoxlama görüşlərini izləyib.
İlqar Qurbanov Türkiyə səfərinin təfərrüatı, Azərbaycanda skautların durumu və bir sıra məsələlərlə bağlı “Report”un suallarını cavablandırıb.
- Klublarla yanaşı, siz də yanvarın əvvəllərində Antalyada oldunuz. Səfəriniz nəyə hesablanmışdı?
- Ora öz işimlə əlaqədar getmişdim, bəzi klublarda təcrübə keçdim. Avropa klublarının skautları və idman direktorları ilə görüşdüm. Onların necə işlədikləri mənim üçün çox maraqlı idi. Sağ olsunlar, məni yaxşı qarşıladılar.
- Hansı klubların düşərgəsində oldunuz?
- Bolqarıstanın “Ludoqorets” klubunun məşqlərində və oyunlarında oldum. Almaniya təmsilçisi “Hannover”in məşqlərini izlədim. Bu klubların skautları ilə görüşdüm. “Ludoqorets”in skautu keçmiş komanda yoldaşım İvan Tsvetkovdur. Soruşdum ki, səni oyunlarda görmədim, bura niyə gəlmisən? Bildirdi ki, Antalyaya dincəlməyə gəlib. Onlarda iş prosesi fərqlidir. Rəhbərlik tərəfindən illik iş planı təqdim olunur, həmin planı təhvil verdikdən sonra dincələ bilirsən. Tsvetkov da işini yekunlaşdırıb istirahət üçün ora yollanmışdı. Tsvetkov yalnız hücumçular üzrə skautdur. Avropa ölkələrinə, Braziliyaya gedir, ancaq hücumçulara baxır. Slovakiyanın “Dak” klubunun idman direktoru Marek Zahorçakla da görüşdüm. O, əvvəllər Polşa “Legiya”sında bu işi görüb, Mahir Emrelini ora aparıb. Bu sahədə böyük təcrübəyə malikdir. Zahorçakla görüşüm səmərəli alındı. Vaxt olduqca klublarımızın məşqlərinə, oyunlarına da gedirdim.
- Bu görüşlər zamanı Avropa ölkələri ilə Azərbaycan futbolu arasında nə kimi fərqlər hiss etdiniz?
- Açığı, nə qədər geridə olduğumuzu gördüm. Məyusedici də olsa, böyük fərq var. Amma yeni şeylər öyrənməyi özümə borc bilirəm. Marek Zahorçak skautlara böyük yatırım etdiyini dedi. Onun skaut şirkəti var. Oyunçuya tək özün baxanda onun uğurlu çıxmaq ehtimalı 50 faizdir. Amma Zahorçak 5 skautla işləyir, onlar futbolçuları izləyir, hərtərəfli təhlil edirlər. Belədə səhv eləmək ehtimalları minimuma enir. Məsələn, Avropada mövsümün startına 10-15 gün qalmış transfer işlərinə başlamırlar. Öncədən izləyirlər və fasilə zamanı onu hazır vəziyyətdə heyətə qatırlar. Nadir hallarda olur ki, son anda hansısa mövqeyə oyunçu alırlar. Azərbaycanda bu cür işləyən kluba rast gəlməmişəm.
- Özünüz üçün hansı təcrübələri topladınız?
- Futbolçularla necə ünsiyyət qurduqlarına diqqət yetirdim. Oyunçuların xarakterinə ciddi fikir verirlər. Slovakiya, Xorvatiya, Macarıstanın ikinci liqa klublarının skautları orada oyunlara baxırdılar. Ancaq bizdə belə şeylər yoxdur. Hansısa futbolçunu ucuz qiymətə alır, bir ildən sonra qat-qat artıq məbləğə satırlar. Çünki hər detalı xırdalığına qədər təhlil edirlər.
- Klubların düşərgəsinə yollanmaq prosesini davam etdirəcəksiniz?
- Mütləq. Bir-iki klub var ki, onların düşərgəsinə getməyi planlaşdırıram. Hələlik “Ludoqorets”i düşünürəm. Mənim üçün belə klublarda təcrübə keçmək daha maraqlı və cəlbedicidir. Çünki oyunçunu ucuz qiymətə alır, baha satırlar. Bunu necə etdiklərini öyrənmək istəyirəm. Dəqiq tarix müəyyənləşdirməmişəm. Yəqin ki, Bolqarıstanda mövsümün sonuna 2-3 tur qalmış bu səfəri həyata keçirəcəyəm.
- Azərbaycanda bu sahə üzrə klublarla işləmək yəqin ki, çətin olar...
- Bəli, Azərbaycanda klublarla işləmək daha çətindir. Bəzi klublarımızın məşqçiləri, idman direktorları hansısa futbolçularla bağlı mənimlə məsləhətləşirlər.
- Bəs ölkəmizdə skautlar arzulanan səviyyədədirlər?
- Bildiyim qədərilə heç bir klubda skaut yoxdur. Deyəsən təkcə “Səbail”də Şəhriyar Rəhimov var, o da yeni başlayıb.
- Klubların uğursuz transferlərinin çoxluq təşkil etməsi bundan qaynaqlanır?
- Əlbəttə. Bayaq Marek Zahorçakın adını boş yerə çəkmədim. Skautlara futbolçulardan çox pul yatırırlar. Demək olar ki, bütün dünyada onu tanıyırlar. Skautlara ona görə çox pul xərcləyir ki, transfer zamanı uğursuzluqla üzləşməsin.
- Klublarımızdan sizə təklif olub?
- Klubların rəsmiləri ilə görüşürük, bəzi oyunçuları soruşurlar, bizimlə məsləhətləşirlər. Yalnız bir klubdan rəsmi təklifim olmuşdu. Amma, eyni zamanda, Azərbaycan millisinin skautu kimi çalışıram. Buna görə də qəbul eləmədim. Hələ oxumaq, özümü inkişaf etdirmək istəyirəm.
- Skaut işi ilə bağlı əsas hədəfiniz nədir?
- Ən böyük hədəfim skaut şirkəti açmaqdır. Bunun Azərbaycana böyük xeyri olar. Dünyanın hər yerində var, bircə bizdə yoxdur. Xarici klublarla yaxşı əlaqələr qurmaq istəyirəm ki, futbolçularımızın legioner həyatı yaşamalarına kömək ola bilim. Düzdür, hazırda bu məsələ çox çətindir. Çünki Avropadan hələ çox geridəyik.
- Bununla bağlı çalışmalara başlamısınız, yoxsa hələlik hədəf olaraq qalır?
- Planım, proqramım var, onun üzərində işləyirəm. Amma ilk növbədə özüm oxumaq, təcrübə qazanmaq istəyirəm. Düzdür, futbol biliyim var. Amma bu, yetərli deyil. Görüləcək işə uyğun skautlar, köməkçilər seçmək lazım gələcək. Gələcəklə bağlı böyük arzularım var. Azərbaycana bu sistemi gətirmək istəyirəm. Etiraf edirəm ki, indiki məqamda çətin görünür.
- Maliyyə məsələsinə görə çətin görünür?
- Bəli, maliyyə də lazımdır. Eyni zamanda, klublar etibar etməlidirlər. Dünyada hamı bunu edirsə, deməli, nəsə bilirlər.
- Dediniz ki, Antalyada olarkən Azərbaycan klublarının da yoxlama görüşlərini izlədiniz. Millinin skautu kimi, diqqətinizi çəkən adlar oldu?
- Yığmada işlədiyimdən, futbolçuların durumu mənim üçün də maraqlıdır. Məsələn, orada olarkən Rusiyanın “Ximki” klubunda çıxış edən Ayaz Quliyevlə görüşdüm. Əsas söhbətim elə onunla oldu.
- Onunla görüşün təfərrüatları barədə məlumat verə bilərsiniz?
- Görüşümüzün səbəbi milli komanda idi. Bir tərəfdən futbolçunu da qınaya bilmirəm. Çünki pasportunu dəyişdikdən sonra Rusiyada legioner kimi çıxış etməli olacaq. Bu, böyük problemdir.
- Ayaz Quliyevin “Neftçi”yə transferi gündəmdədir. Ümumiyyətlə, karyerasını Azərbaycan klublarından birində davam etdirərək, millidə oynamaq variantına necə baxır?
- Mənimlə söhbətində Azərbaycana gələcəyi və ya gəlməyəcəyi ilə bağlı qəti nəsə demədi. Amma belə başa düşdüm ki, karyerasını Rusiyada davam etdirmək istəyir. Moskva “Spartak”ından ayrıldıqdan sonra ciddi əməliyyat keçirib. Buna görə uzun müddət futbol oynamayıb.
- Quliyev Rusiyada qaldıqca Azərbaycan millisinə gəlmək şansı da azalır...
- Real yanaşsaq, vəziyyət belədir. Çünki belədə Rusiyada legioner sayılacaq. Üstəlik, orada azərbaycanlılara başqa cür baxılır. Bəzi MDB ölkələrinin futbolçuları Rusiyada əcnəbi sayılmırlar. Ümid edirəm ki, bu qanunda dəyişiklik olar, azərbaycanlılar orada əcnəbi sayılmazlar. Çünki Rusiyada yaxşı futbolçularımız var.
- Antalyada milliyə potensial namizəd kimi kəşf elədiyiniz futbolçu oldu?
- “Kəpəz”in “Sabah”dan icarəyə götürdüyü Abdulla Rzayevi çox bəyəndim. Cəmi 21 yaşı var, U-21 yığmamızın da üzvüdür. Hətta Antalyada olarkən bir neçə xarici menecer onunla maraqlandı. Türkiyə, Slovakiya və Macarıstan klubları Abdulla barədə məndən məlumat istədilər. “Kəpəz”in çempionatda dünən “Qəbələ” ilə keçirdiyi matçda da 90 dəqiqə meydanda oldu. Belə gənclərə güvənmək, şans vermək lazımdır. Başqa istedadlı gənclərimiz də var.
- Antalyada millinin baş məşqçisi Canni De Byazi ilə müzakirələriniz hansı şəkildə cərəyan edirdi?
- Eyni hoteldə qalırdıq, oyunlara bir yerdə gedirdik. Futbolçularla bağlı müzakirələr aparırdıq. De Byazi oyunçuların mümkün qədər tez formaya düşmələrini istəyir. Çünki çox vaxt yoxdur, martda Avropa çempionatının seçmə mərhələsi başlayacaq. Hamı da bilir ki, bizi çətin oyunlar gözləyir. Buna görə də, yerli futbolçuların fiziki hazırlığının qaydasında olması önəmlidir.