Koronavirus pandemiyasına görə yarımçıq dayandırılan İngiltərə Premyer Liqasının bərpası üçün ilk addım atılıb.
"Report"un liqanın rəsmi saytına istinadən məlumatına görə, çempionatın səhmdarları klubların sabah günortadan kiçik qruplar şəklində məşqlərə başlamasına yekdilliklə səs veriblər.
"Təlimə qayıdış" protokolunun ilk bəndi komandalara sosial məsafəni qorumaq şərtilə məşq etməyə icazə verir. Yaxın təmas məşqləri isə hələlik qadağan olunur.
İlk mərhələ Premyer Liqa klublarının oyunçuları, menecerləri, həkimləri, müstəqil ekspertlər və hökumətlə məsləhətləşmədən sonra razılaşdırılıb. Yüksək səviyyədə ciddi tibbi protokollar hər kəsin ən təhlükəsiz şəraitdə məşqlərə qayıdacağına zəmanət verir.
Qeyd edək ki, İngiltərə Premyer Liqasının oyunları martın 13-də qeyri-müəyyən müddətədək təxirə salınıb.