"Qarabağ" çox yaxşı komandadır. UEFA Çempionlar Liqasının qrup mərhələsində çıxış ediblər. Bu mövsüm pley-offadək irəliləmişdilər. Məncə, Belçika çempionları örnək götürməlidirlər".
"Report"un məlumatına görə, bu fikirləri Belçikanın "Gent" klubunun baş məşqçisi Heyn Vanhazebruk Bakıda "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunundan əvvəl mətbuat konfransında deyib.
59 yaşlı mütəxəssis Ağdam təmsilçisinin Avropa Liqasının qrup mərhələsində Almaniya "Frayburq"u ilə matçını izlədiyini bildirib: "30 min azarkeşin önündə çıxış edəcəyik. Bu, bizi həyəcanlandırır. Çətin matç olacaq. Bizim üçün qalibiyyət çox yaxşı nəticə olardı. Amma heç-heçəni də yaxşı nəticə hesab etmək olar. Hətta az top fərqi ilə məğlubiyyətə də yaxşı demək mümkündür. Çünki cavab oyunu Belçikada gerçəkləşəcək. Lakin onu da deməliyəm ki, rəqib həm evdə, həm də səfərdə yaxşı oyun sərgiləyir".
Vanhazebruk beş saatlıq uçuşun kollektivə təsir etmədiyini vurğulayıb: "Rəqib də eyni yolu qət edəcək. Belə bəhanələrin arxasında gizlənmək lazım deyil".
Mütəxəssis "Qarabağ"ın hər il avrokuboklarda mübarizə apardığını xatırladıb: "Onlara "Qafqazın "Barselona"sı deyildiyini bilmirdim. Amma meydanda çox yaxşı oyun göstərirlər".
Baş məşqçi son olaraq Azərbaycan təmsilçisindən qorxmadıqlarını sözlərinə əlavə edib.
Qeyd edək ki, fevralın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 21:45-də başlayacaq. Cavab görüşü fevralın 23-də Gentdə olacaq.