Futbolun İnkişaf Fondunun (FİF) icraçı direktoru Tural Piriyevin Böyük Britaniyaya səfərinin detalları bəlli olub.
Bu barədə “Report”a açıqlamasında T.Piriyev özü məlumat verib.
O, Böyük Britaniyada futbol fondlarının işi ilə tanış olduqlarını vurğulayıb:
“Səfərin əsas məqsədi futbol fondlarının rəsmiləri ilə görüşmək idi. Həm İngiltərə, həm də Uelsin futbol fondlarının işi ilə yerində tanış olduq. Onların əsas layihələri infrastrukturla bağlıdır. Gördükləri bəzi işlərə, maliyyələşdirdikləri infrastruktur layihələrinə baxdıq. Torpaq sahibi kim olur, dövlət hansı şərtlər qoyur, əlavə sahibkarlar necə cəlb olunur, niyə müəyyən formatlar orada işləyir, bizdə yox… Bu kimi prosedurlarla tanış olduq. Bu müddətdə çalışdıq ki, aşağı liqa klubları ilə də əlaqə saxlayaq. Həm oyunlarını izlədim, həm də görüşlərimiz oldu. İngiltərə Çempionşipi yüksək səviyyəli liqadır. Mənə elə gəlirdi ki, oradakı klubların büdcəsi bizdəkindən fantastik dərəcədə yüksəkdir. Amma onlar da bir yerdən başlayıblar. Yəni bizim klubların öyrənəcəkləri çox şey var”.
FİF rəsmisi İngiltərədə futbola həm də gələcəkdə faydasını görəcəkləri bir alət kimi baxıldığını söyləyib:
“İngiltərədə kollektivçilik var, hamı futbolun inkişafı üçün çalışır. Orada futbolu təkcə idman növü kimi görmürlər. Onlar üçün futbol, belə demək mümkünsə, gələcəkdə faydasını görə biləcəkləri bir alətdir. Məsələn, “Milluoll” klubunun əlavə sosial bir qurumu var. Hansı ki, ötənilki dövriyyəsi bizim pula çevirsək, 2 milyon manatı keçib. Qurum bir çox işlərlə məşğuldur. Meydan salmaqdan tutmuş, uşaq evləri, yaşlılar üçün futbol qurğuları inşa etmək, evsizlərin qidalanması və sair kimi işlər də görürlər. Klub Londonun cənubunda yerləşir. Amma “Arsenal”, “Tottenhem” kimi klubların yerləşdiyi Şimali Londonda da üzərində “Milluoll"un loqosu olan idman meydanları salıblar”.
Funksioner xarici ölkələrdə meydanlardan istifadə üçün ədalətli ödəniş sistemi olduğunu bildirib:
“Uelsdə bir sahibkarla görüşdük. Oyun meydanları inşa etdirib, kommersiya əsasında istifadəyə verir. Yuxarı, aşağı liqa klubları, hətta icma komandaları həmin meydanlardan yararlanırlar. Şərtlərə gəlincə, ədalətli ödəniş sistemi var. Yəni qiyməti çox qaldırmırlar. Meydanların yerləşdiyi torpaq isə dövlət tərəfindən ona uzun müddətə və ödənişsiz icarəyə verilib. Məqsəd də odur ki, əhalinin istifadəsi üçün idman meydanları salınsın. Sahibkar minimal gəlir əldə etməklə yanaşı, saxlanılmasına da xərc qoyur. Bu cür asan razılaşmalar var, hansı ki, Azərbaycanda bunu tez-tez görmürük. Bizdə belə şərtlərlə infrastruktur almaq çox çətindir”.
T.Piriyev Azərbaycan klublarına sponsor axtarışları barədə sualı da cavablandırıb:
“Yaxın günlərdə hansısa klublarla sponsorluq müqaviləsi imzalayacağımızı deyə bilmərəm. Danışıqlar davam edir, bəzi klublara yerində baxış keçirmişik. Rəqəm olaraq nəsə demək çətindir. Sponsor cəlb etmək asan proses deyil. Çünki əvvəllər pis praktika olub. Ancaq müəyyən insanların bizneslərində problemlər yaranmasının futbol fəaliyyəti ilə heç bir əlaqəsi yox idi. Sadəcə, hansısa səbəbdən yaranan problemlərə görə futbola sponsorluğu da dayandırıb. Sahibkarlarda müəyyən çəkinmələr var. Amma məsələn, Zaqatalada biznes klub layihəsi yaratmışıq. Prosesin Azərbaycanın digər rayonlarında həyata keçirilməsinə çalışırıq. Lerikdə, Xaçmazda danışıqlar aparırıq. Şəmkirlə bağlı müəyyən işlərə başlanılıb”.
Qeyd edək ki, 2016-cı ildə AFFA tərəfindən təsis olunan Futbolun İnkişaf Fondu 2022-ci ildən fəaliyyət çərçivəsini genişləndirib, effektli və şəffaf fəaliyyət quraraq region futbol klublarının dayanıqlı inkişafını təmin etmək, irs yaradılmasına nail olmaq və cəmiyyətin hər bir fərdinə bu prosesdə yaxından iştirak etmək imkanı yaratmaq məqsədini qarşısına qoyub.