Bakı. 3 noyabr. REPORT.AZ/ "Duman olan vaxt oyun keçirilməməlidir. Televiziya dumana görə yayımı dayandırırsa, oyun da dayandırılmalıdır". "Report"un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında "Qəbələ" klubunun vitse-prezidenti Fariz Nəcəfov deyib.
Azərbaycan Premyer Liqasının XI turunda "Kəpəz"lə keçirilmiş ev oyunundan danışan klub rəsmisi bildirib ki, dumanlı havada oyunu dayandırmaq lazımdır: "Bir qapıdan o birisi görünmür, amma baş hakim Əliyar Ağayev oyunu davam etdirir. Çəkiliş davam edə bilmirsə, sən oyunu necə davam etdirə bilərsən? Oyun kimin üçündür? Təbii ki, azarkeşlər! Oyun birmənalı olaraq saxlanılmalı idi. Oyunun dayandırılması bizə o baxımdan sərf edirdi ki, hamımız oraya azarkeşlər üçün yığışmışıq və onlar oyunu izləyə bilmirlər. Mən yuxarı lojadan heç nə görmürdüm. Bizə görünməyən oyun lazım deyil".
F.Nəcəfov məğlubiyyət haqda isə bunları deyib: "Bizə lazımdır ki, normal futbol oynayaq. Lakin o demək deyil ki, biz məhz dumanlı hava olduğu üçün uduzmuşuq. "Kəpəz" bizə dumanlı havada qol vurub, biz də vura bilərdik. Normal futbol oynamaq mümkün deyildi. Qapıçı oyunu görə bilmirdi. Yayımın kəsilməsi də birmənalı olaraq düzgün addım idi".
Qeyd edək ki, Azərbaycan Premyer Liqasının XII turunda keçirilmiş "Qəbələ" - "Kəpəz" oyunu 1:2 hesabı ilə yekunlaşıb.