Ermənistan Futbol Federasiyasında (FFA) 98,8 milyon dram (təxminən 200 min ABŞ dolları) oğurluq aşkarlanıb.
"Report" yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.
Bildirilir ki, 2010-2019-cu illərdə "Texniki Mərkəz - Akademiya"nın direktoru vəzifəsini tutmuş şəxs FFA-nın sabiq prezidenti Ruben Ayrapetyana məxsus "Noralusin" şirkətinin direktoru ilə əvvəlcədən razılığa gələrək təlim-məşq toplanışlarının istirahət mərkəzində və "Zelür" mehmanxanasında keçirilməsi barədə müqavilə bağlayıb. Nəticədə 98,8 milyon dram "Texniki Mərkəz - Akademiya"dan ödəmələr yolu ilə mənimsənilib.
Direktorlara mənimsəmə, israfçılıq, habelə sənədlərin saxtalaşdırılması maddələri ilə ittiham irəli sürülüb. Onlara qarşı qabaqlayıcı tədbir olaraq girov seçilib.
Şübhəli və ya cinayətdə təqsirləndirilən şəxs, Ermənistan qanunlarına görə, məhkəmə qərarına əsasən günahı sübuta yetirilərək qanuni qüvvəyə minənədək günahsız sayılır.