Emin Mahmudov: "Bəlkə də karyeramın şəxsi rekordunu qırmışam"

Emin Mahmudov: "Bəlkə də karyeramın şəxsi rekordunu qırmışam" Bu gün 30 yaşı tamam olan Azərbaycan millisinin futbolçusu və "Neftçi" klubunun kapitanı Emin Mahmudovun "Report"a müsahibəsi
Futbol
27 Aprel , 2022 12:48
Emin Mahmudov: Bəlkə də karyeramın şəxsi rekordunu qırmışam

Bu gün 30 yaşı tamam olan Azərbaycan millisinin futbolçusu və "Neftçi" klubunun kapitanı Emin Mahmudovun "Report"a müsahibəsi

- 30 yaş sizin üçün nə deməkdir?

- Qəribə hissdir. Həqiqətən özümü 30 yaşımda hiss etmirəm. Amma bəlkə də hamı belə deyir. Özümü 28 yaşında hiss edirəm. 28 - 30 yaş isə çox da fərq etməz.

- Yubileylərə önəm verirsiniz?

- Xeyr. Heç önəm vermirəm. Ailəm daha çox önəm verir. Amma mənim üçün adi gündür. Bir də bu gün çox insan mənə yazır.

- Ən yaddaqalan ad gününüz nə vaxt olub?

- Xüsusi ad günüm olmayıb. Çox vaxt adi doğum günləri kimi, evdəkilərlə, ailəmlə birlikdə qeyd edirəm. Qeyri-adi bir şey olmayıb.

- Bundan sonra neçə il futbol oynamaq istərdiniz?

- Nə qədər oynasam, o qədər yaxşıdır. Çünki hazırda özümü fiziki baxımdan çox yaxşı hiss edirəm. Son oyunlarda ümumiyyətlə qaçışa görə bəlkə də karyeramın şəxsi rekordunu qırmışam (gülür). Nə vaxtadək belə davam etsəm, oynayacağam.

- Ötən ili sizin üçün uğurlu saymaq olar?

- Əlbəttə. Çox uğurlu oldu. Çünki Premyer Liqada çempion olduq, milli komandada və avrokuboklar çoxlu qollar vurdum. Həmçinin, ilin ən yaxşı futbolçusu seçildim. Buna görə ötən ili uğurlu saya bilərəm. O tempi tutmağa çalışıram. Amma çətindir. Dayanmaq istəmirəm, daha çox işləməliyəm ki, uğurların davamı olsun.

Emin Mahmudov
Emin Mahmudov

- Sizcə, niyə "Neftçi" bu mövsüm çempion ola bilmədi?

- Buna hər hansı bir səbəb deyə bilmərəm. Məncə, xüsusi səbəb yoxdur. İkinci dövrədə oyunumuz alınmırdı və çox xal itirirdik. Əlbəttə, bu mövsüm "Qarabağ" çox güclüdür. Bunu qəbul etmək lazımdır, çox yaxşı oynayırlar. Bu il onlar oyun baxımından çempionluğa layiqdirlər. Məncə, bəlkə də səbəb budur.

- Azərbaycan Kubokunun yarımfinal mərhələsində "Zirə" ilə səfərdə qolsuz heç-heçə etmisiniz. Cavab oyunu barədə nə düşünürsünüz?

- Hazırda daha çox bu oyunu fikirləşirik. Qalib gəlməyə çalışacağıq. Çünki finala vəsiqə qazanmaq istəyirik. "Zirə" çətin rəqibdir, yaxşı heyətə malikdirlər və yaxşı da oynayırlar. Bizim üçün çətin olacaq, amma yeganə fikrimiz qələbə qazanıb finala yüksəlməkdir. Əlimizdən gələni etməliyik ki, finalda oynayaq.

- Mövsümü titulla başa vurmaq sizin üçün prioritetdir?

- Finalsa çıxsaq, daha sonra titul barədə düşünə bilərik.

Son xəbərlər

Orphus sistemi